3D-skaner mobil telefonların təhlükəsizliyini təmin edəcək

14 Avqust 2015 - 11:35 | Texnoloji yeniliklər
3D-skaner mobil telefonların təhlükəsizliyini təmin edəcək

Beynəlxalq fiziklər qrupu ultrasəsin köməyilə barmaq izlərinin üçölçülü formasını əldə edə bilən mikrosxem hazırlayıb. Bu mikrosxem “iPhone” və digər mobil qadjetlərin “sındırılması” hallarının qarşısının alınması üçün nəzərdə tutulub.

Barmaq izi datçikləri 10 ilə yaxındır ki, cib kompüterlərinə və telefonlara quraşdırılır. Buna baxmayaraq, yalnız 2013-cü ilin sentyabrında “Apple” şirkətinin onu “iPhone 5S” modelinə quraşdıraraq “Touch ID” təhlükəsizlik sistemi üçün baza kimi istifadə etməsi ilə populyarlıq qazanıb.

Lakin hakerlər onu iki həftə ərzində “sındıra” biliblər. Bunun üçün şüşədə barmaq izinin şəklini çəkib, yarımşəffaf kağız və yapışqandan istifadə edərək onu adi printerdə çap ediblər.

“Problem ondan ibarətdir ki, “iPhone”a quraşdırılmış datçik barmaq izinin üçölçülü formasını deyil, adi formasını oxuyur”, – deyə Kaliforniya Universitetinin (ABŞ) fiziki Devid Horsli bildirib.

Alimin sözlərinə görə, onun laboratoriyası 10 ildir ki, kiçik çipin daxilində yerləşdirilməsi mümkün olan miniatür ultrasəs detektorlarının yaradılması üzərində işləyir. Təxminən 4 il əvvəl, fiziklər bu texnologiyanın kommersiyalaşdırılması haqqında düşünərkən skan edilən barmağın üçölçülü formasının əldə olunması üçün ultrasəsdən istifadə etmək ideyası meydana çıxıb.

Horsli qeyd edib ki, barmaq izlərinin ultrasəsin köməyilə əldə olunması prosesi həkimlərin ultrasəsin köməyilə etdiyi müayinələrlə eyni qaydada həyata keçirilir. Çipin səthindəki datçiklər ultrasəs impulsunu ötürür və barmağın səthindəki izlərdən onun əksini qəbul edir. Bu kimi datçikləri çiplərin istehsalı, mikrofon və akselerometrlərin yığılması üçün tətbiq edilən texnologiyalar vasitəsilə hazırlamaq mümkündür.

nanonewsnet.ru