“TD Bank” (Kanada) “MasterCard” və “Nymi” texnologiya şirkəti ilə birgə kontaktsız ödəniş funksiyasına malik olan və müştərini ürəyin döyünmə ritminə görə tanıyan ilk qolbaq təqdim ediblər.
payspacemagazine.com saytının məlumatına görə, ilk 100 qolbaq artıq Toronto, Ottava və Recaynada sınaqdan keçirilir. İlin sonunadək pilot proqrama Kanadanın digər bankları da qoşulacaq.
“Nymi” qolbaqları sahibinin unikal elektrokardioqramını tanıyan datçiklə təchiz edilib. Servisin yoxlanılması proqramında müştərinin “MasterCard” hesabı ilə bağlı olan qurğunun prototipindən istifadə olunur.
Ötən il 14 milyon dollar məbləğində maliyə cəlb etmiş “Nymi” şirkəti daşınan elektronika və kontaktsız ödəniş trendinin inkişafına təkan verməyi və istifadəçilərə ödəniş edilməsi prosesində ürək döyüntüsü ritminin köməyilə öz şəxsiyyətini identifikasiya etmək imkanı yaratmağı planlaşdırır.