Misdən müxtəlif məhsullar çap edən 3D-printer hazırlanıb

12 Avqust 2015 - 12:00 | Texnoloji yeniliklər
Misdən müxtəlif məhsullar çap edən 3D-printer hazırlanıb

Mis sənayenin müxtəlif sahələrində intensiv istifadə olunan metaldır. Tikinti, maşınqayırma, elektronika, nəqliyyat vasitələri və məişət əşyalarının istehsalında tətbiq olunur. Mis emalının ənənəvi metodları zaman və pul tələb edir.

Virciniya Politexnik İnstitutu və Dövlət Universitetinin tədqiqatçıları mis məmulatlarının istehsalının daha effektiv, sadə və əlçatan metodu üzərində işləyirlər. Universitetin maşınqayırma fakültəsinin dosenti Kristofer Uilyams və onun rəhbərlik etdiyi işçi qrup mislə çap edən 3D-printer hazırlayıb.

“Məlumdur ki, metalla üçölçülü çap yenilik deyil. Biz tamamilə unikal 3D-printer hazırlamışıq. Mislə işləmək son dərəcə çətindir. Lakin biz əlaqələndirici maddənin səpilməsi metodundan istifadə edirik. Bu zaman çap edən başlıq yapışqanı mis tozuna yeridir və bu proses hər qatda təkrarlanır. Sonra məmulatı sobaya yerləşdiririk ki, toz hissəcikləri öz aralarında ərisin və bişsin. Bu yolla mis məmulatının ən mürəkkəb formasını da istehsal etmək mümkündür”, – deyə Uilyams bildirib.

Bu üsul kifayət qədər perspektivli görünür, lakin həllini gözləyən bəzi məsələlər də var. Əsas çətinlik ondan ibarətdir ki, mis hissəciklərinin sobada əridilməsindən sonra onların arasında kiçik hava sahələri qalır. Nəticədə detallar emal və ya cilalanma kimi ənənəvi metodlarla istehsal edilmiş məhsullardan daha kövrək alınır. Hazırda mütəxəssislər toz hissəciklərinin arasındakı boşluqların doldurulması və məmulatın sıxlığının yüksəldilməsi istiqamətində işlər görür.

Çatışmazlıqlar aradan qaldırılarsa, alimlərin ixtirası 5 il ərzində cəmiyyət üçün əlçatan olacaq və bütün sahələrdə tətbiq ediləcək.

nanonewsnet.ru