“Samsung” şirkəti smartfonun enerji ilə simsiz yüklənməsinə imkan verən monitor təqdim edib. Cənubi Koreya istehsalçısı iddia edir ki, “SE370” modeli mobil qurğuların enerji ilə simsiz yüklənməsi funksiyasına malik ilk monitordur.
hi-news.ru saytının məlumatına görə, ekranı 23,6 və 27 düym olmaqla iki ölçüdə təklif edilən yeni monitor rəqəmsal məzmunun təsviri və smartfonun enerji ilə yüklənməsi funksiyalarını yerinə yetirir. “SE370” Qi akkumulyatorun simsiz yüklənməsi standartını dəstəkləyən bütün mobil qurğularla işləyir. “Windows” və “Mac” əməliyyat sistemlərinə uyğundur.
Akkumulyatorun enerji ilə yüklənməsi üçün qurğunu xüsusi hissədə yerləşdirmək kifayətdir. Bu zaman monitorda avtomatik olaraq yaşıl işıq diodu yanır və proses başlayır.
1920x1080 piksel təsvir ölçüsünə imkan verən monitor işçi sahəni mobil qurğuların enerji ilə yüklənməsi üçün nəzərdə tutulmuş gərəksiz naqillərdən azad edir. “SE370” həmçinin göy işığın orqanizmə zərərli təsirini azaldan rejimə malikdir.
Monitorun qiyməti və satışa çıxarılma tarixi haqqında məlumat verilməyib.