“Smart” saatlar hakerlərin hədəfinə çevrilə bilər

24 İyul 2015 - 15:35 | Maraqlı məlumatlar
“Smart” saatlar hakerlərin hədəfinə çevrilə bilər

Populyarlığı artan “smart” saatlar hakerlərin hədəfinə çevrilə bilər.

Bu fikri “HP Fortify on Demand” təhlükəsizlik xidmətinin mütəxəssisləri söyləyib. Ekspertlər bu qənaətə “Android” və “Apple iOS” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən on ən populyar daşınan qurğunu sınaqdan keçirdikdən sonra gəliblər.

ictnews.az saytının məlumatına görə, bütün tədqiq olunan nümunələrdə autentifikasiya sistemlərinin mühafizəsinin lazımi səviyyədə təmin edilməməsi, şifrləmənin olmaması, təhlükəsiz əlavələr və mühafizə olunmayan fərdi məlumatlar kimi boşluqlar aşkar olunub.

Yaranmış vəziyyətdən narahat olan mütəxəssislər diqqəti “ağıllı” saatlarda saxlanılan məxfi məlumatlar, o cümlədən istifadəçinin adı, ünvanı, sağlamlığı və s. haqqında informasiyanın kibercinayətkarlar üçün maraq doğura biləcəyinə yönəldir. Bununla əlaqədar ekspertlər bu qurğuların mümkün hücumlardan mühafizəsi üçün lazımi tədbirlər görməyə çağırır.
 
Mütəxəssislərdə ən çox narahatlıq “smart” saatların cinayətkarların onları asanlıqla ələ keçirə biləcəyi autentifikasiya sistemlərinin zəifliyi doğurub. Bundan başqa, qurğularda məlumatların şifrlənməmiş şəkildə ötürülməsi ciddi risklər yaradır.

“Smart” saatlar yayıldıqca onlar kibercinayətkarların hədəfinə çevriləcək və buna görə də biz korporativ şəbəkədə fərdi məlumatların ötürülməsi və ya “smart” saatlardan istifadə zamanı təhlükəsizlik tədbirləri görməliyik”, - “HP Security” şirkətinin baş meneceri Ceyson Şmitt bildirib.