Dünyanın ən böyük və tanınmış sosial şəbəkəsi olan “Facebook”un əsası 10 il öncə qoyulub. Ekspertlərin şirkətin “ölüm” ərəfəsində olmasıyla bağlı proqnozlarına baxmayaraq, istifadəçilər arasında sosial şəbəkənin maliyə göstəriciləri və nüfuzu hələ ki, optimizm nümayiş etdirməkdədir
Bu tarixçə yəqin ki, hər kəs üçün çox tanışdır: 19 yaşı olan Mark Zukerberq adlı ikinci kurs tələbəsi Harvard universitetinin tələbə və məzunlarının bir-biriylə əlaqə saxlayacağı veb-sayt yaratmaq fikrinə düşür. Artıq bu hadisədən 10 il ötür və hazırda Facebook-un fəal istifadəçilərinin sayı təxminən 1,2 milyard təşkil edir.
Öncə “Thefacebook” adı ilə istifadəyə verilən sayt 2004-cü ildə yalnız tələbələri bir araya gətirirdi. Lakin bu yenilik çox sürətlə universitetin hüdudlarından kənara çıxdı. 2004-cü ilin sonunda artıq sosial şəbəkədə 1 milyon istifadəçi qeydiyyatdan keçmişdi. 2006-cı ilin sentyabr ayında adı və veb-ünvanını dəyişmiş sosial şəbəkəyə yalnız Amerika tələbələri deyil, arzu edən hər kəs daxil olmaq imkanını əldə etdi. Beləliklə, ilin sonunda sosial şəbəkədə 8 milyon nəfər qeydə alındı.
“Facebook”un ən böyük yaxşılığı bizi “elektron poçt həbsxanası”ndan xilas etməsi oldu” – futuroloq Pol Saffon “USA Today” qəzetində bu bəyanatı verib — “Elektron poçt nəzərdə tuturdu ki, ona cavab vermək lazımdır, Facebook isə yox. Poçt rəsmiyyətdir, Facebook isə salamlaşma. Poçt vasitəsilə göndərirlər, Facebook-da translyasiya edirlər. Bu, sadəcə, bizim qaydalarını hələ də öyrəndiyimiz yeni sosial mühitdir”.
2007-ci ildə “Microsoft” “Facebook” şirkətini 15 milyard dollarla qiymətləndirərək onun səhmlərinin 1,6%-ni 240 milyon dollara aldı. Zukerberq özü isə 23 yaşında dünya tarixinə ən gənc milyarder kimi daxil oldu.
2009-cu ildə Facebook-da sosial şəbəkələr arasında ilk dəfə Like düyməsi istifadəyə verildi. İndi bu düymədən gün ərzində təxminən 6 milyard dəfə istifadə edilir.
Hazırda “Facebook” ABŞ-da ən çox tələbat olan sosial şəbəkə olsa da, yeniyetmələr üçün o qədər də maraqlı deyil. Ekspertlər hesab edirlər ki, bu gün gənc auditoriya ünsiyyət üçün Twitter və Instagram-da olduğu kimi daha qısa mətnlər və yığcam şəkillərdən istifadə etmək istəyirlər. Üstəlik, zaman keçdikcə “Facebook”u valideynlər, müəllimlər və başqa “darıxdırıcı” insanlar “zəbt edirlər”. Bu da gənclər arasında sosial şəbəkəyə olan marağın azalmasına gətirib çıxarır.
Hazırda dünyada “Facebook” istifadəçilərinin sayına görə ABŞ əvvəlki kimi liderdir. Hindistan və Braziliya müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. Vatikan ən az “Facebook” istifadəçisi olan dövlətdir.
Qeyd edək ki, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı isə 1 milyon 250 mini ötüb.