Audio informasiya texnologiyaları problemləri istiqamətində tədqiqatlar aparılır

15 İyul 2015 - 12:51 | Konfranslar, İclaslar
Audio informasiya texnologiyaları problemləri istiqamətində tədqiqatlar aparılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev 6 saylı şöbənin yarımillik hesabatını təqdim edib. O, şöbədə aparılan elmi araşdırmalarla bağlı çıxış edərək bildirib ki, audioinformasiya texnologiyaları problemləri və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətində araşdırmalar davam etdirilir.

B.Ağayev sözlərinə görə, e-dövlət mühitində G2G, G2B, G2C modelləri üzrə nitq tranzaksiyalarının emalı metod və alqoritmlərinin işlənməsi və Azərbaycanda e-tullantıların idarə edilməsi konsepsiyasının işlənməsi ilə əlaqədar aparılmış tədqiqatların nəticələrini özündə əks etdirən məqalənin hazırlanması və nüfuzlu xarici jurnallarda dərc olunması nəzərdə tutulur.

B.Ağayev həmçinin qeyd edib ki, elektron tullantıların elmi və sosial-iqtisadi problemlərinin tədqiqi məqsədlə ölkəmizdə və Avropa İttifaqında elektron tullantıların idarə edilməsi problemlərinin müxtəlif aspektləri üzrə həlli vəziyyəti haqqında materiallar toplanır və analiz edilir.

Bildirib ki, şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində SOCAR Elm fondu tərəfindən qəbul edilmiş “SOCAR-ın neft-qaz quyularında anomal lay təzyiqi zonalarını operativ proqnozlaşdıran intellektual informasiya sisteminin işlənməsi” və “SOCAR-da elektron tullantıların idarə edilməsi konsepsiyasının işlənməsi” mövzularında qrant layihələr üzrə mühüm işlər görülmüşdür.

Məruzəçi, həmçinin elmi-pedaqoji fəaliyyət, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-təşkilati fəaliyyət, institutun fəaliyyətinin KİV-də təbliği və reklam-marketinq işlərinə dair həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Sonda bir sıra təklif və tövsiyələr səsləndirilib, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.