AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2015-ci il üzrə 6 aylıq hesabatı dinlənildi. Şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində 11 mövzu üzrə aparılan tədqiqat işləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, sorğu əsasında mətnlərin avtomatik referatlaşdırılması və referatların avtomatik qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənilmiş, neft-qaz sənayesi üçün Big Data analizi texnologiyaları tədqiq edilmiş, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsasları araşdırılmış, böyük həcmli verilənlərin intellektual analizi üçün metod və alqoritmlər işlənilmişdir.
Şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən danışan R.Alıquliyev 6 ay ərzində jurnal və konfranslardan göndərilmiş 62 məqaləyə rəylərin hazırlandığını və 3 beynəlxalq konfransın proqram komitəsinə üzvlüyün əldə olunduğunu diqqətə çatdırdı.
O, 7 konfrans materialının, 22 məqalənin hazırlandığını və şöbə əməkdaşlarının əsərlərinə olunan istinadların sayının 108-ə çatdığını dilə gətirdi.
Alim elmi-təşkilati fəaliyyətdən söz açaraq müxtəlif elmi problemlərə həsr olunmuş 3 şöbədaxili və 3 institut seminarının keçirildiyini bildirdi.
Məruzəçi Malaya Universiteti (Malayziya) ilə elmi əməkdaşlıq əlaqələri çərçivəsində 4 məqalənin hazırlandığını və bu əlaqələrin uğurla davam etdirildiyini qeyd etdi. Avstraliya Federasiya Universiteti ilə elmi əməkdaşlığa başlandığını vurğuladı.
İmpakt faktorlu jurnallarda 4, beynəlxalq bazalarda (SCOPUS, DBLP və s.) indeksləşən jurnallarda 4 məqalənin çap olunduğunu nəzərə çatdıran R.Alıquliyev, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyəti, beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər elmi tədbirlərdə iştirakı və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.