İsmayıl Əli oğlu İbrahimov - Azərbaycanın ilk informatikidir.
İsmayıl Əli oğlu İbrahimov 1915-ci ildə anadan olmuşdur.
1939-cu ildə Azərbaycan Sənaye İnstitutunu “Nəzarət-ölçü cihazları” ixtisası üzrə bitirmişdir.
İ.İbrahimov nəzarət-ölçü cihazları və avtomatika üzrə ali təhsilli ilk azərbaycanlı mühəndis kimi Azərbaycan enerji sisteminin (“Azenerji”) Mərkəzi istehsalat tədqiqat laboratoriyasına işə göndərilir, sonra isə S.M.Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasına (Leninqrad şəhəri) oxumağa göndərilir.
Böyük Vətən müharibəsi illərində (1941-1945) o, tağım komandiri vəzifəsindən əlahiddə hissə - rabitə batalyonunun komandiri vəzifəsinədək yüksəlir.
Müharibə qurtardıqdan sonra – 1946-cı ildə Azərbaycan Sənaye İnstitutuna qayıdır, burada o, nəzarət-ölçü cihazları kafedrasında baş laborant, bir ildən sonra isə həmin kafedranın assistenti, NÖC və avtomatika üzrə ilk azərbaycanlı müəllim kimi fəaliyyət göstərir. İ.İbrahimovun fəal elmi-tədqiqat işi bu illərdə başlayır. Neftçıxarma və neft emalı, neft-kimya və kimya sənayesində, energetikada ölçmə, nəzarət və avtomatlaşdırma onun elmi axtarışlar sahəsi idi.
1952-ci ildə “Elektron potensiometrlərin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.
İ.İbrahimov Azərbaycan dilində həmin sahədə texniki terminologiyadan başlayaraq bir sıra dərslik və dərs vəsaiti hazırlamışdır.
Onun elmi-pedaqoji fəaliyyəti nəzarət-ölçü cihazları kafedrasında müəllimliklə və elmi tədqiqatla sıx bağlı olmuşdur (sonralar həmin kafedra “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrası adlandırılmışdır). Həmin kafedrada o, baş laborantlıqdan (1946-47-ci illər) assistent (1947-48-ci illər), baş müəllim (1948-1954-cü illər), dosent, professor, kafedra müdiri (1954-1988-ci illər) kimi bir yol keçmişdir.
1960-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunub. 1964-cü ildə ona rəhbərlik etdiyi “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrası üzrə professor elmi adı verilir. 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edir, elə həmin ildə də “Texnoloji proseslərin avtomatlaşdırılması” ixtisası üzrə Azərbaycan EA-nın müxbir üzvü seçilir.
1961-ci ildə Sovet dövlətinin ali məktəb təcrübəsində ilk dəfə olaraq neft, neft-kimya və qaz profilli ali təhsil üzrə metodik komissiya yaradılır. Sonralar elmi-metodik şuraya çevrilən bu komissiyanın sədri İ.İbrahimov təyin edilir və 1987-ci ilə qədər həmin vəzifəni yerinə yetirir.
O, həmçinin keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi Elmi-Texniki Şurasının neft bölməsinin üzvü, SSRİ Ali məktəb “Elmi xəbərləri”nin və “Neft və Qaz” ümumittifaq jurnalının baş redaktoru olmuşdur.
1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilir. İqtisadi riyazi üsulların və EHM-in tətbiqi əsasında xalq təsərrüfatının idarə edilməsi üzrə komissiyanın sədri kimi İ.İbrahimov xalq təsərrüfatının kompüterləşdirilməsinin əsasını qoymuşdur.
İ.İbrahimov 1980-cı ildə respublika Elmlər Akademiyasının həqiqi üzvü seçilir. 1983-cü ildə isə o, “İstehsalın səmərəliliyini yüksəltmək üçün idarəedici və məlumatverici sistemlərin işlənməsi və tətbiqi”nə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülür.
I və II dərəcəli Böyük Vətən müharibəsi, Qızıl Bayraq ordenlərinə, “İgidliyə görə” medalına, Lenin ordeninə, üç Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür. 1986-cı ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Almaniya Demokratik Respublikasının “Vətən qarşısında xidmətlərinə görə” ordeni və bir sıra medallarla təltif olunmuşdur. Ona Azərbaycanın Əməkdar elm xadimi, fəxri neftçi, qaz sənayesinin fəxri işçisi adları verilmişdir. Dəfələrlə Respublika Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
1988-ci ildə Sovet Uşaq Fondunun Azərbaycan şöbəsinin sədri seçilmişdir. Bu gün də o, xeyriyyə təşkilatı olan müstəqil Respublika Uşaq Fonduna rəhbərlik edir.
Kompüterləşdirmə və informatizasiya problemləri onun elmi fəaliyyətində bu gün də əsas yer tutur. Hal-hazırda o, “Kibernetika, informasiya texnologiyaları və texnika” üzrə Problem Şurasının sədridir.
Akademik İ.İbrahimov 2001-ci ildən institutun elmi məsləhətçisidir.