• Mətn tipli elektron sənədlərin icmal referatının avtomatik yaradılması məqsədilə semantik yükə malik cümlələrin seçilməsi üçün bir sıra optimallaşma modelləri təklif edilmiş və onların həlli üçün effektiv evolyusiya və “sürü” intellektinə əsaslanan alqoritmlər işlənmişdir. (İcraçılar: akad. Ə.M.Abbasov, AMEA-nın müxbir üzvü, tex.e.d., prof. R.M.Əliquliyev, tex.e.d. R.M.Alıquliyev)
  • Biometrik texnologiyaların və kriptoqrafik sistemlərin praktiki üstünlükləri birləşdirilməklə barmaq izlərinin tekstur deskriptorları əsasında fərdi kriptoqrafik açarların generasiyası üsulu işlənmişdir. (İcraçılar: f.d. Y.N.İmamverdiyev, L.V.Suxostat)
  • Elektron poçtda spamla mübarizə siyasətinin formalaşması və realizasiyası mexanizmi hazırlanmış, spamla mübarizə üçün iyerarxik çoxagentli sistemin arxitekturu işlənmiş, mövcud antispam sistemlərdə effektivliyi artırmaq üçün konseptual yanaşmalar təklif edilmişdir. Filtrasiyadan sonra xüsusi bazalarda toplanmış spamların intellektual analizi üçün klasterləşmə modeli təklif edilmiş və onun həlli üçün genetik alqoritm işlənmişdir. CBR (Case-Based Reasoning – presedentlər əsasında mülahizə yürütmək) və CRM (Customer Realationship Management – müştərilərlə münasibətlərin idarə olunması) texnologiyalarının spam probleminin həllinə tətbiq imkanları araşdırılmış və CRM texnologiyası əsasında spam filtrasiyası sisteminin texnoloji strukturu işlənmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, tex.e.d., prof. R.M.Əliquliyev, S.H.Bünyatova)
  • Müasir şəraitdə təşkilatda insan resursunun idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsi üçün qeyri-səlis məntiq və qərarların qəbulu nəzəriyyələrinə əsaslanan metodlar işlənmişdir. (İcraçılar: tex.e.d., prof. M.H.Məmmədova, tex.f.d. Z.Q.Cəbrayılova, S.Nobari)
  • Qeyri-səlis çoxluqlar üçün mənsubiyyət funksiyaların bəzi siniflərini ümumiləşdirən, splayn-funksiya prinsipi ilə qurulmuş, birinci tərtib kəsilməz törəməyə malik, unimodal parametrik mənsubiyyət funksiyalar sinfi təklif və tədqiq olunmuşdur. Bu mənsubiyyət funksiyalar sinfi üçün interpolyasiya və approksimasiya məsələləri həll olunmuşdur. Hamar mənsubiyyət funksiyalar sinfinin istifadə olunduğu neyro-fazi şəbəkələr çap əlyazma simvollarının tanınması sistemində tətbiq olunmuş və yüksək nəticələr əldə edilmişdir. (İcraçı: T.İsmayılova)
  • E-dövlətin formalaşdırılması və səmərəli idarə olunmasının əsas prinsipləri tədqiq edilmiş və müqayisəli təhlillər aparılmışdır. Veb-analitikaya e-dövlətin idarə olunmasında əks əlaqə mexanizmlərindən biri kimi baxılmış və tədqiq olunmuşdur. E-dövlətin idarə olunması və monitorinqinin həyata keçirilməsi üçün mexanizmlər işlənilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R.M.Əliquliyev, tex.f.d. F.F.Yusifov , tex.f.d. M.H.Şərifov)