• Elektron dövlətin formalaşması istiqamətində mövcud olan çoxsaylı elmi problemlərdən biri də get-gedə artmaqda olan mətn, audio və video tipli elektron sənədlərin insanlar, məmurlar tərəfindən emalı və səmərəli qərarların qəbulu imkanlarının xeyli məhdud olması ilə bağlıdır. Bu məqsədlə mətn tipli elektron sənədlərin avtomatik referatlaşdırılması, yəni dərin semantik yükə malik olan xülasələrin çıxarılması üçün bir sıra riyazi modellər, onların həlli üçün adaptiv qarışqa və differensial evolyusiya alqoritmləri işlənmişdir. (İcraçılar: akademik Ə.M.Abbasov, AMEA-nın müxbir üzvü, t.e.d., prof. R.M.Əliquliyev, t.e.d. R.M.Alıquliyev, M.Ş.Hacırəhimova)
  • Son zamanlar elektron poçtlara gələn arzuolunmaz məktubların, yəni spamların sayı kəskin şəkildə artmış, onların məqsədləri və reallaşma imkanları xeyli inkişaf etmişdir. Ona görə də elektron poçt məlumatlarının filtrasiyası problemlərinin həllinə yönəlmiş metodların və alqoritmlərin işlənməsi aktual məsələlərdən biridir. Bu məqsədlə istifadəçilərin spamlara olan retro münasibətlərini nəzərə almaqla poçt server tərəfindən yeni daxil olan xəbərlərin intellektual filtrasiyasını təmin edən riyazi modellər və genetik həll alqoritmləri işlənmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, t.e.d., prof. R.M.Əliquliyev, S.H.Nəzirova)
  • İnformasiya təhlükəsizliyi riskləri kontekstində qeyrimüəyyənliyin müxtəlif növlərinin modelləşdirilməsinə mövcud yanaşmalar analiz edilmiş, onların üstünlükləri və nöqsanları strukturlaşdırılmış, riskin adekvat qiymətləndirilməsi modellərinin işlənməsi istiqamətləri müəyyən edilmişdir. Kompyuter sistemlərində informasiya təhlükəsizliyi risklərinin Bayes şəbəkələri əsasında qiymətləndirilməsi modeli işlənmişdir. Bu risklərin minimallaşdırılması məqsədi ilə təhlükəsizlik mexanizmlərinin çoxmeyarlı seçilməsi üçün model təklif olunmuşdur. Kompyuter sistemlərində olan təhlükələrin ranqlaşdırılması üçün qeyri-səlis metod işlənmişdir. Alınmış elmi nəticələr AzScienceNet şəbəkəsinin informasiya təhlükəsizliyi xidmətinin qurulması prosesində tətbiq edilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, t.e.d., prof. R.M.Əliquliyev, tex.fəl.dok. Y.N.İmamverdiyev, S.Ə.Deraxşande)
  • Son zamanlar informasiya texnologiyalarının geniş tətbiqi nəticəsində meydana çıxmaqda olan elektron müəssisələrin səmərəli fəaliyyətinin təmin olunması istiqamətində ən mühüm problemlərdən biri də həmin müəssisələrin məqsəd və vəzifələrinə müvafiq insan resurslarının seçilməsi və idarə edilməsidir. Bu məqsədlə on-line mühitdə qərarların dəstəklənməsi sisteminə əsaslanmış qeyri-səlis qaydalar yaratmaqla mütəxəssislərin optimal seçilməsini təmin edən çoxmeyarlı metod və alqoritm işlənmişdir. (İcraçılar: t.e.d., prof. M.H.Məmmədova, tex. fəl.dok. Z.Q.Cəbrayılova, S.Nobari)
  • İnformasiya texnologiyalarından istifadə etməklə elmi fəaliyyətin on-line mühitdə həyata keçirilməsi, universitetlərə, elmi mərkəzlərə, toplantılara, nəşriyyatlara və s. məxsus vebsaytların yaradılması, onların sayının sürətlə artması dünya səviyyəsində bu qurumlar və ayrı-ayrı alimlər arasında formalaşan münasibətlərin aşkarlanması və analizi üçün geniş perspektivlər açmışdır. Bu istiqamətdə institutun mütəxəssisləri tərəfindən İnternet mühitdə müxtəlif elmi problemlər üzərində çalışan mərkəzlər və tədqiqatçılar arasında on-line münasibətləri modelləşdirməyə imkan verən sosial şəbəkələrin sintezi üçün yanaşma və qeyri-səlis model təklif olunmuşdur. (İcraçılar: e.d. R.M.Alıquliyev, F.S.Gəncəliyev)