AMEA İnformasiya Texnologiyaları İnstitutunda Lyubyana Universitetinin (Sloveniya) "Kompüter və informatika elmləri" fakültəsinin professoru İvan Bratko ilə görüş keçirilib. Xarici İşlər Nazirliyinin Sloveniyadakı nümayəndəsi Azər Xudiyev və institut alimlərinin iştirak etdiyi görüşün keçirilməsində əsas məqsəd müvafiq sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
İvan Bratko Lyublyana Universitetinin süni intellekt, kompüter bilikləri və informatika laboratoriyasının müdiridir. O, universitetdə informatika fənninin tədrisi ilə məşğuldur. Maşın təlimi sahəsində tədqiqatlar aparan professor 200-dən çox elmi iş və kitabın müəllifidir.
Görüşdə intellektual robotların proqram təminatı və tibb sahəsində maşın təlimi metodlarının tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, smart elektron dərsliklərin hazırlanmasına dair dünya təcrübəsinin öyrənilməsi, birgə seminarlar və videokonfransların təşkilinin zəruriliyi və digər məsələlər müzakirə olunub.
Həmçinin Lyubyana Universiteti ilə İKT sahəsində əməkdaşlıq üzrə fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, Anlaşma Memorandumu üçün hazırlıq işlərinin görülməsi qərara alınıb.