AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA prezidenti, akademik Mahmud Kərimovun iştirakı ilə İtaliyanin “Akhela” şirkətinin nümayəndəsi Sandro Teti ilə görüş keçirildi.
Tədbir AMEA İTİ ilə “Akhela” arasında əməkdaşlıq əlaqələrinin müzakirəsi xarakteri daşıyırdı. Görüş çərçivəsində il“bulud hesablamaları”, mobil sistemlər, əşyaların İnterneti, İT sistemlərin təhlükəsizliyi və optimallaşdırılması sahələri üzrə aparıcı şirkətlərdən olan “Akhela” ilə əməkdaşlığın perspektivləri, kadr mübadiləsinin aparılması, İKT üzrə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olundu.
Sandro Teti təmsil etdiyi şirkətin informasiya təhlükəsizliyi sahəsində gördükləri işlərdən söhbət açdı. Müxtəlif təyinatlı kompüter sistemlərinin sındırılmasına dair kəmiyyət göstəricilərinin son illərdə daha da artması, kiberhücumların vüsət alması sayəsində telekommunikasiya şəbəkələrində ciddi problemlərin yaranması, dövlətin, iqtisadiyyatın idarə edilməsi sistemlərinin təhlükəsizliyinin qorunması ilə bağlı bu gün dünyada mühüm tədbirlərin görüldüyünü bildirdi. Qloballaşma proseslərinin vüsət aldığı dövrdə haker hücumları, virus və zərərli proqramlarla mübarizə, kibercinayətkarlıq kimi mövcud problemlərin həllinə innovativ yanaşmanın tələb olunduğunu qeyd etdi. Son illər ölkəmizdəki innovativ inkişaf proseslərini, İKT üzrə həyata keçirilən layihələri yüksək dəyərləndirərək Azərbaycanın gələcəyinə investisiya qoyan ölkə olduğunu bildirdi.
İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunaraq böyük təcrübəyə malik müxtəlif müvafiq elmi qurum və təşkilatlarla əməkdaşlığın səmərəliliyindən söhbət açıldı. Bu əlaqələrin dinamik inkişafının mühüm innovativ nəticələrin əldə olunmasına xidmət etdiyi söylənildi.
Sonra 2013-cü ilin Azərbaycanda “İKT İli” elan olunması, ölkəmizin ilk süni peykinin orbitə buraxılması, kosmik sənayenin inkişafı, cloud computing texnologiyalarının imkanlarından istifadə və s. ilə bağlı qarşılıqlı maraq doğuran məsələlərdən söhbət açıldı, fikir mübadiləsi aparıldı.