AMEA İnformasiya Texnologiyaları İnstitutunda Koreya Milli Mühəndislik Akademiyasının üzvü Jonghee Lee-nin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirildi. Görüşdə institutun alim və mütəxəssisləri də iştirak edirdilər. 

Öncə qonaqlara qurumun əsas fəaliyyət istiqamətləri, innovativ şəraiti və maddi-texniki bazası ilə bağlı ətraflı məlumat verildi. Onlar Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, burada həyata keçirilən yeni layihələr, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış oldular. 

Sonra J.Lee “Koreyanın inkişafında informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda çıxış etdi. Koreyanın İKT sahəsində ən qabaqcıl ölkələrdən biri olduğunu bildirən alim mobil texnologiyaların inkişafının öz ölkəsində prioritet istiqamətlərdən olduğunu dedi. Qeyd etdi ki, İKT sahəsində əldə olunan nailiyyətlər Cənubi Koreyanın iqtisadi cəhətdən inkişaf etməsində böyük rol oynamışdır. 

Azərbaycanda son illərdə informasiya texnologiyalarının sürətli inkişafını yüksək qiymətləndirən alim müvafiq sahədə Koreya təcrübəsini bölüşməyə hazır olduğunu bildirdi. Həmçinin informasiya təhlükəsizliyi və məlumatların intellektual analizi sahəsində aparılan araşdırmalardan söz açdı. 

Koreyanın Elektronika və Telekommunikasiyalar Elmi Tədqiqat İnstitutu olan ETRI-nin nümayəndəsi, professor Changwon Ahn “Böyük həcmli verilənlərin emalı: mövcud vəziyyətin analizi” adlı təqdimatla çıxış edərək, bu istiqamətdə aparılan son tədqiqatlar haqqında danışdı. Həcm, dəyişkənlik və sürətin böyük verilənlərin 3 əsas xarakteristikası olduğunu bildirdi. 

Koreyanın Konkuk Universitetinin doktorantı Yunjung Park paylanmış multimedia sistemlərinə giriş, Kookmin Universitetinin doktorantı Lim Yoojin isə təhsil prosesinə dəstək məqsədilə süni intellekt texnologiyalarının tətbiqilə hazırlanmış kompleks onlayn mühitlərlə bağlı öz laboratoriyalarında aparılan tədqiqatlar haqqında məlumat verdilər. 

Digər məruzəçi Iwona Maciejewska təmsil etdiyi EUREKA (European Research Coordination Agency – Avropa Tədqiqat Koordinasiya Agentliyi) haqqında danışdı. Bildirdi ki, Avropa ölkələrinin təşəbbüsü ilə fəaliyyətə başlayan bu informasiya şəbəkəsi yüksək texnologiyalar sahəsində elmi tədqiqatların inkişafına yönəlmişdir. Qeyd etdi ki, sözügedən agentlik Avropada elmi-texniki inteqrasiyanın sürətlənməsində əhəmiyyətli rola malikdir. 

Sonda ETRI və EUREKA ilə institut arasında İKT sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.