Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycanın qlobal elmi bazaya çıxışı” (Azerbaijan`s access to Global Science Base) mövzusunda seminar keçirildi. Tədbirin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, “Thomson Reuters” Agentliyivə İnformasiya Texnologiyaları İnstitutudur. Seminarda Thomson Reuters-in strateji əməkdaşlıq meneceri Filip Pörnel, ULAKBİM-in(TUBITAK) direktoru Ahmet Kaplan, “MiKRO Bilgi Kayit ve Dagitim” şirkətinin layihə və beynəlxalq satış üzrə direktoru Metin Tunc, həmin şirkətin nümayəndəsi Mehmet Haseki, Tomson Reuters-in regional satış mərkəzinin meneceri Şahruz Şarifrazi, AMEA institutlarının rəhbərləri, alim və mütəxəssislər, o cümlədən gənc tədqiqatçılar, KİV nümayəndələri iştirak edirdilər.
Əsas məqsəd Azərbaycan elmi ictimaiyyətinin sözügedən qlobal elmi bazaya çıxışı, bu bazanın təklif etdiyi xidmətlərin təbliği, həmçinin AMEA və Tomson Reuters arasındakı əməkdaşlıq əlaqələrinin Azərbaycan elmi üçün perspektivləri və digər məsələlərin müzakirəsi idi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü professor Rasim Əliquliyev seminarın əhəmiyyətindən danışdı. Bildirdi ki, müasir dövrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiya olunmaqdır. Alim 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya ili” elan olunduğunu vurğulayaraq, bununla bağlı Tədbirlər Planında elmi məqalələrin dünyanın nüfuzlu yüksək indeksli jurnallarında dərcinin təşkili, bu sahədə əməkdaşlıq əlaqələrinin davamlı inkişafının xüsusi qeyd olunduğunu diqqətə çatdırdı. İnnovativ elmi nəticələrin əldə olunması baxımından dünya səviyyəsində səmərəli elmi axtarışların aparılmasının vacibliyini önə çəkdi. AMEA-nın Avropa elmi mühitinə inteqrasiya etdiyini, müxtəlif nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğuladı. Tomson Reuters, IEEE, Springer, Elseiver və s. kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrindən söhbət açdı.
Qlobal elmi istinad bazasının (Web of Science) alimlər və elmi qurumlar üçün təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verən Thomson Reuters-in strateji əməkdaşlıq meneceri F.Pörnel dünyanın 100-dən çox ölkəsindən 30 milyon tədqiqatçının bu bazaya elmi, iqtisadi və sosial problemlərin həlli mövzuları ilə əlaqədar müraciət etdiyini bildirdi. O, bazanın elmi-tədqiqat, elmi əməkdaşlıq və analitik təhlillər məqsədilə effektiv istifadəsinin mümkünlüyünü vurğuladı. Qeyd etdi ki, bazanın yüksək impakt-faktorlu jurnallarının son araşdırmalarına görə, Azərbaycanda aparılan tədqiqatlar, innovasiya fəaliyyəti sürətlə inkişaf edir və bu tədqiqatlara olan istinadlar araşdırmaların qlobal təsirə malik olduğunun göstəricisidir.
TUBİTAK-ın (Türkiyə Elmi və Texniki Araşdırma Qurumu) qurumlarından olan ULAKBİM-in (Milli Akademik Şəbəkə ve Məlumat Mərkəzi) direktoru A.Kaplan Thomson Reuters-in Türkiyə təcrübəsindən danışdı. Qeyd etdi ki, Türkiyədə elm və təhsilin keyfiyyətini artırmaq və elmi nəticələri dünyaya çatdırmaq mərkəzin əsas hədəflərindəndir. O, qurumun Türkiyənin akademik təşkilatlar və təhsil müəsisələrini birləşdirən milli şəbəkə kimi fəaliyyət göstərdiyini bildirdi: "Hazırda şəbəkə öz istifadəçilərinə 17 minə yaxın jurnal və 1200-dən çox kitabdan yararlanmaq imkanını verir".
“MiKRO Bilgi Kayit ve Dagitim” şirkətinin layihə və beynəlxalq satış üzrə direktoru M.Tunc bildirdi ki, Thomson Reuters elmi tədqiqatların nəticələrini təhlil edərək ölkədə innovasiya fəaliyyətinin, impakt faktorlu və patent nəşrlərin inkişafını nümayiş etdirən son tədqiqatları təqdim edir: "Əsas məqsədimiz Azərbaycanın alim və mütəxəssilərinin bu bazadan səmərəli istifadəsini təmin etmək, onun qlobal məkanda rəqabət gücünü artırmaq və elmi potensialını dünya ictimaiyyətinə tanıtmaqdır".
Sonda məruzəçilər çoxsaylı sualları cavablandırdılar.