www.cabmin.gov.az
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları (bundan sonra - Qaydalar) "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən hazırlanmışdır.
1.2. Bu Qaydalar fərdi məlumatların informasiya sistemlərinin (bundan sonra - İnformasiya Sistemləri) fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində (bundan sonra - Dövlət Reyestri) dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydalarını müəyyən edir.
1.3. İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra - Reyestr operatoru) tərəfindən həyata keçirilir.
1.4. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, İnformasiya Sistemlərini dövlət qeydiyyatından keçirdikdən sonra onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.
1.5. İnformasiya Sistemləri ayrı-ayrılıqda dövlət qeydiyyatına alınır.
1.6. Dövlət qeydiyyatı ləğv edilmiş İnformasiya Sistemləri haqqında məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada arxivləşdirilir.
1.7. Dövlət qeydiyyatı ləğv edilmiş İnformasiya Sistemlərində fərdi məlumatların toplanılması, işlənilməsi qadağandır və həmin sistemlərdə olan məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilməlidir.
2. İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər
2.1. İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması üçün yalnız mülkiyyətçi və ya operator (bundan sonra - Müraciətedən) ərizə ilə Reyestrin operatoruna müraciət edir (1 nömrəli əlavə).
2.2. Müraciətedən müvafiq formanı (bundan sonra - Qeydiyyat kartı) dolduraraq, ərizə ilə birlikdə Reyestr operatoruna təqdim edir (2 nömrəli əlavə).
3. İnformasiya Sisteminin dövlət qeydiyyatına alınması
3.1. Reyestrin operatoru İnformasiya Sisteminin dövlət qeydiyyatına alınması üçün Müraciətedən tərəfindən təqdim edilən sənədləri qəbul edir, xüsusi kitabda qeydə alır, yoxlayır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, mövcud qanunvericiliyə uyğun olaraq qeydə alındığı gündən başlayaraq, bir ay müddətində:
- İnformasiya Sisteminin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edir;
- İnformasiya Sistemi haqqında məlumatları Dövlət Reyestrinə daxil edir;
- Müraciətedənə Dövlət Reyestrindən çıxarış verir (3 nömrəli əlavə).
3.2. Qeydiyyat üçün lazım olan sənədlər elektron formada da təqdim edilə bilər və bu zaman gücləndirilmiş elektron imza ilə imzalanmalıdır. Bu halda elektron formada göndərilmiş sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti Reyestrin operatoruna təqdim edildikdən sonra İnformasiya Sisteminin qeydiyyatı barədə qərar qüvvəyə minir.
3.3. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Reyestrin operatoru bu barədə Müraciətedənə 5 iş gün ərzində yazılı məlumat verir.
3.4. Çatışmazlıqlar Müraciətedən tərəfindən aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra bir ay müddətində müvafiq qərar qəbul edilir.
3.5. Reyestrin operatoru zərurət yarandıqda, İnformasiya Sistemi haqqında Müraciətedən tərəfindən təqdim olunmuş məlumatları dəqiqləşdirmək məqsədi ilə əlavə məlumat tələb edə bilər və ya İnformasiya Sistemi ilə bilavasitə tanış ola bilər.
3.6. Qeydiyyat məlumatlarında hər hansı dəyişiklik olarsa, mülkiyyətçi bu barədə məlumatları 3 iş günü müddətində Reyestrin operatoruna təqdim etməlidir.
4. İnformasiya Sistemlərinin dövlət qeydiyyatının ləğv edilməsi
4.1. Reyestrin operatoru İnformasiya Sistemlərinin dövlət qeydiyyatını aşağıdakı hallarda ləğv edir:
4.1.1. mülkiyyətçi tərəfindən İnformasiya Sisteminin dövlət qeydiyyatının ləğvinə dair müvafiq ərizə təqdim edildikdə (1 nömrəli əlavə);
4.1.2. bu barədə müvafiq məhkəmə aktı olduqda;
4.2. fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinə dair tələblər il ərzində təkrar pozulduqda, Reyestrin operatoru İnformasiya Sistemlərinin dövlət qeydiyyatını ləğv edə bilər.
4.3. İnformasiya Sistemlərinin dövlət qeydiyyatı aşağıdakı hallarda öz hüquqi qüvvəsini itirir:
4.3.1. dövlət və ya yerli özünüidarə orqanı, hüquqi şəxs olan mülkiyyətçi ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə;
4.3.2. mülkiyyətçi dövlət qeydiyyatından keçirilmiş İnformasiya Sistemini başqasının mülkiyyətinə verdikdə.
4.4. İnformasiya Sistemlərinin dövlət qeydiyyatı ləğv edildikdə, Reyestrdən çıxarış qüvvədən düşmüş hesab edilir və Reyestrin operatoruna geri qaytarılmalıdır.
5. Mövcud İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması
Qanunun qüvvəyə minməsinə qədər mövcud olan və Qanunun tələblərinə uyğun olaraq qeydiyyatı məcburi olan İnformasiya Sistemləri bu Qaydalar qüvvəyə mindikdən sonra ən geci 1 (bir) il müddətində dövlət qeydiyyatından keçirilməlidir.
6. Keçid müddəa
İnformasiya Sistemlərinin və onların layihə sənədlərinin dövlət ekspertizasından keçirilməsi barədə ekspert rəyi Azərbaycan Respublikasında belə dövlət ekspertizasının keçirilməsi qaydası müəyyənləşdirildikdən sonra təqdim edilir.