ETN İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.
Doktoranturaya sənəd qəbulu 13 may – 02 iyun 2025-ci il tarixlərində AR Elm və Təhsil Nazirliyinin https://portal.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər sayta daxil olmalı, “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Sənədlər sistemə müvəffəqiyyətlə yerləşdirildikdən sonra iddiaçılar müraciət etdikləri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilatda yaradılan qəbul komissiyasında müsahibədən keçməlidirlər. Elmi rəhbər rəyi olmadan sənəd qəbulu tamamlanmır.
Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına (xarici dil, fəlsəfə, ixtisas fənni üzrə) buraxılmaq haqqında qərar qəbul edir.
Qəbul şərtləri:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavr və magistr diplomları əlavələri ilə birlikdə) notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG - əgər varsa).
Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG) malik olan şəxslər müvafiq sertifikatı Dövlət İmtahan Mərkəzinə təqdim etdikdə xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Doktoranturaya qəbul “xarici dil” imtahanı 22 iyun 2025-ci il tarixində, “fəlsəfə” fənni üzrə imtahan 2-4 sentyabr 2025-ci il tarixdə, “ixtisas” imtahanı isə 9-11 sentyabr 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.
Əlavə məlumat üçün İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinə müraciət etmək olar.
Əlaqə nömrəsi: (+994 12) 510 12 60, (+994 12) 510 06 98
E-mail: farhadyusifov@gmail.com