Aprelin 7-də .RU milli domeninin 20 illiyində Moskvada İnternet idarəçiliyi üzrə 5-ci Rusiya Forumu (RIGF-2014) keçiriləcək.
Marriott Qrand-Oteldə baş tutacaq forum ICANN və Rusiya Elektron Kommunikasiyalar Assosiasiyasının dəstəyi ilə Milli Domen Şəbəkəsi Koordinasiya Mərkəzinin və Internet Texniki Mərkəzinin təçkilatçılığı ilə keçiriləcək.
Forum dövlət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı əlaqələrin və üçtərəfli dialoqun təşkili üçün mühüm platformadır.
Müxtəlif ölkələrin İnternet idarəçiliyi sahəsində dövlət siyasətində istifadə olunan formaların müxtəlifliyi, həmçinin Rusiya şəraitində bu və ya digər qərarların qəbul edilməsinin mümkünlüyü forumun əsas müzakirə mövzusu olacaq. Bundan əlavə, tədbir iştirakçıları informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, yeni domenlər və dünya domen landşaftındakı dəyişikliklər, İnternetin tənzimlənməsi prinsipləri və İnternet istifadəçilərinin hüquqlarına dair məsələləri müzakirə edəcəklər.
Diskussiyalar “İnternet və iqtisadiyyat”, “Şəbəkədə şəxsi həyat hüququ”, “Yüksək səviyyəli yeni domenlər”, “Təhlükəsiz İnternet” və “İnternet istifadəçilərinin hüquqları” mövzuları üzrə seksiyalarda aparılacaq. Müzakirələrdə Rusiyanın və dünyanın aparıcı İnternet-ekspertləri, dövlət və ictimai təşkilatların nümayəndələri, iri İnternet şirkətlərinin rəhbərləri iştirak edəcək.
RIGF çərçivəsində ənənəvi mühazirəni NLnet Labs şirkətinin direktoru, İnternetin arxitekturası üzrə Şuranın keçmiş sədri, Avropanın qocaman İnternet-mütəxəssislərindən biri olan Olaf Kolkman oxuyacaq. O, gələcək innovasiyaların əsası kimi İnternetin arxitekturası haqqında danışacaq.