ELANLAR

2592

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

10 Yanvar 2020 - 08:47
Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Məlum olduğu kimi, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Naziriyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanında “Xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədi”nə (CEFR) və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə bacarıqlarının, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur. Danışıq bacarıqlarının yoxlanılması xüsusi hazırlıq işlərinin görülməsini, qiymətləndirməni həyata keçirəcək kadrların hazırlanmasını və təlimlərin keçirilməsini tələb etdiyinə və həmin işlərə xeyli vaxt və resurs tələb olunduğuna görə bu sahədə bacarıqların cari qəbul kampaniyası zamanı deyil, növbəti qəbuldan etibarən yoxlanılması planlaşdırılır.

Dövlət İmtahan Mərkəzinin verdiyi xəbərə görə, doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyən­ləşdirən qəbul imtahanı proqramları bu qurumun rəsmi internet saytında yerləşdirilərək namizədlərə təqdim edilmişdir. Doktoranturaya və dissertanturaya hazırlaşanlar xarici dillər üzrə qəbul proqramlarını verilmiş linklərdən (Azərbaycanrus) yükləyib tanış ola bilərlər.

Doktoranturaya xarici dillər üzrə qəbul imtahanının məqsədi CEFR-in B2 səviyyəsinə uyğun olaraq, aşağıdakı bacarıqları qiymətləndirməkdir. Proqramda yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan bacarıqları ümumiləşdirərək bir daha diqqətinizə çatdırırıq.

Oxu bacarıqları üzrə: 

  • Müxtəlif tipli mətnləri oxuyaraq anlamaq bacarığı;
  • Müxtəlif məzmunlu və tipli mətnlərin əsas ideyasının tapılması;
  • Mətndə əsas fikirlərin müəyyən edilməsi;
  • Mətndə xüsusi məlumatların tapılması;
  • Mətnə əsasən nəticənin müəyyən edilməsi;
  • Mətni məntiqi baxımdan tamamlamaq;
  • Mətnin hissələri arasında əlaqənin müəyyən edilməsi;
  • Müəllifin məqsədinin müəyyən edilməsi;
  • Oxu mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;
  • Oxunulan mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının yoxlanılması.

 Dinləmə bacarıqları üzrə: 

  • Müxtəlif tipli mətnləri dinləyərək anlamaq bacarığı;
  • Dialoji və monoloji nitq formalarını dinləyib-anlama bacarığı;
  • Dinləmə mətninin əsas ideyasının tapılması;
  • Dinləmə mətnində əsas fikirlərin müəyyən edilməsi;
  • Dinləmə mətnində xüsusi məlumatların tapılması;
  • Dinləmə mətninə əsasən nəticənin müəyyən edilməsi;
  • Mətni məntiqi baxımdan tamamlamaq;
  • Dinləmə mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;
  • Danışan(lar)ın niyyətinin, məqsədinin müəyyənləşdirilməsi;
  • Dinlənilən mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının yoxlanılması.

 Qrammatika və lüğət ehtiyatı üzrə:

CEFR-in B2 səviyyəsinə uyğun olaraq qrammatik minimuma və lüğət ehtiyatına yiyələnmə səviyyəsinin, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin yoxlanılıb qiymətləndirilməsi.

Yazı üzrə:

Aşağıdakı xüsusiyyətlərə əməl edilməklə CEFR-in B2 səviyyəsinin meyarlarına cavab verən esse yazma bacarığı:

-  Yazının məzmunu, əhatəliliyi və həcmi;

-  Yazının məntiqi strukturu;

-  Nitqin rabitəliliyi və tamlığı;

-  Qrammatik minimumdan düzgün istifadə;

-  Lüğət ehtiyatının zənginliyi və səlisliyi;

-  Yazı savadı.

İmtahanda xarici dilə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün aşağıdakı blokların təqdim edilməsi nəzərdə tutulur:

1.   Oxuyub-anlama bloku

Mətnlərin sayı: 2 ədəd (biri 10, digəri 5 qapalı formalı tapşırıqdan ibarət olmaqla);

Mətnlərin həcmi: 250-500 söz;

Mətnlərin məzmunu və janrı:

a)   akademik məzmunlu elmi-kütləvi;

b) ictimai-informativ, publisistik və digər janrlarda.

2.   Dinləyib-anlama bloku

Mətnlərin sayı: 2 ədəd (hər biri 5 qapalı formalı tapşırıqdan ibarət olmaqla);

Mətnlərin həcmi: 200-350 söz;

Mətnlərin tipi:

a) 1 monoloq;

b) 1 dialoq.

3.   Yazı bloku

Bir tapşırıqdan ibarətdir:

a) verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və yekundan ibarət olan essenin yazılması (həcmi 200-250 söz).

Yazı işində namizədlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş namizədlərin yazı işləri „sıfır“ balla qiymətləndiriləcəkdir.

4.   Dildən istifadə bloku

Magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində 15 ədəd qapalı və açıq formalı leksik-qrammatik tapşırıq.

Namizədlərin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.

Yaxın günlərdə doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının modeli əsasında onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.

Qeyd 1: Doktoranturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşanlar imtahan verəcəkləri xarici dilin praktik qrammatikasına və leksikasına, yazılı və şifahi nitq normalarına aid akademik vəsaitlərdən, lüğətlərdən, beynəlxalq dil imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş rəsmi nəşrlərdən və ali təhsil müəssisələrində işlədilən xarici dillər üzrə dərsliklərdən, dillərə aid lüğət profilindən, akademik sözlərin siyahısından və qrammatik profildən istifadə edə bilərlər.

Qeyd 2: Proqram bu ilin qəbul imtahanı üçün hazırlanmışdır. Növbəti illərdə danışma blokunun əlavə olunması ilə proqramda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.