Aprelin 24-dən 28-dək Almaniyanın Hannover şəhərində HANNOVER MESSE 2017 – yüksək texnologiyalar, innovasiyalar və sənaye sahələrinin avtomatlaşdırılması üzrə sərgi-konfransı keçiriləcək. Dünyanın ən böyük tədbirlərindən olan HANNOVER MESSE “Deutsche Messe Hannover” sərgi mərkəzində baş tutacaq. Sərgi beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması və investisiyaların cəlb edilməsi üçün unikal imkanların yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Hər ilin yaz fəslində sənaye məhsulları istehsalçılarının görüş yerinə çevrilən HANNOVER ixtira və innovasiyalar forumu, təcrübə mübadiləsi mərkəzi və yeni tərəfdaşlıq münasibətlərinin yaradılması üçün bir mənbədir. expoclub.ru saytının məlumatına görə, bu il sərginin partnyor ölkəsi qismində Polşa çıxış edəcək.
HANNOVER MESSE 2017-nin proqramı fasiləsiz texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması, avtomobillər üçün alternativ enerji mənbələri, sənaye üçün informasiya texnologiyaları və IT-həllər, elmi tədqiqatlar və texnologiyaların transferi, külək energetikası, vakuum texnologiyaları, səthin emalı texnologiyaları və s. kimi istiqamətləri əhatə edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.