Aprelin 23-də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Beynəlxalq “Qızlar İKT-də” günü qeyd ediləcək.
Bu təşəbbüsün əsas məqsədi qızları İKT sahəsində təhsil almağa və peşəkar fəaliyyətə cəlb etməkdir.
Qeyd edək ki, bu günədək dünyanın 140 ölkəsində bu kimi 3500 tədbir təşkil olunmuş və 111 min qadın tədbirlərdə iştirak etmişdir.
Ölkəmizdə də Beynəlxalq “Qızlar İKT-də” günü çərçivəsində tədbir təşkil olunacaq. Belə ki, “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun təşkilatçılığı ilə aprel ayının 23-də saat 16:00-da “İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək.
Azərbaycan və ingilis dillərində baş tutacaq tədbirə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) rəsmi dəstək verir.
Konfransda RYTN, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, ATƏT, ADA Universiteti, Azərbaycanda Amerika Ticarət Palatası, Azərbaycan Qadınlarının İKT Klubu və “GoldenPay” şirkətinin təmsilçiləri iştirak edəcək.
Konfransda iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.