21-23 may 2015-ci il tarixlərdə İllionis ştatının DeKalb şəhərində (ABŞ) “Elektron və İnformasiya Texnologiyaları 2015 IEEE” Beynəlxalq konfransı keçiriləcək.
“IEEE” təşkilatının (The Institute of Electrical and Electronics Engineers - Elektrik və Elektronika üzrə Mühəndislik İnstitutu) keçirdiyi konfrans əsasən elektrotexnika və hesablama texnikası sahəsində elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsinə yönəldilib. Tədbirdə, həmçinin workshop və dərslərin təşkili nəzərdə tutulur.
Konfransda robot texnikası, intellektual sistemlər, nanotexnologiyalar, multi-agent sistemləri, biometriya və bioinformatika, idarəetmə və identifikasiya sistemləri, teletibb, simsiz rabitə və şəbəkələr, kibertəhlükəsizlik, Data Mining, bulud texnologiyaları, hesablama texnikası, proqram mühəndisliyi və digər mövzular üzrə müzakirələr aparılacaq.