Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur

19 Fevral 2024 - 09:20 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin 2024-cü il üzrə fəaliyyət planı müzakirə olunub.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov rəhbərlik etdiyi struktur bölmədə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçiriləcək tədbirlər haqqında məlumat verib.

F.Yusifov rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi elmi istiqaməti üzrə rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemlərinə dair aparılan tədqiqatlardan bəhs edib. Bu çərçivədə “E-dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar”, “IV Sənaye İnqilabının sosial-iqtisadi trendlərinin araşdırılması” və “Elektron dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə tədqiqatların davam etdiriləcəyini bildirib.

O, “E-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti üçün intellektual metodlar və alqoritmlərin işlənməsi”, “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması”, “Azərbaycanda informatikanın tarixi” və “E-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” ilə bağlı elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin planlaşdırıldığını qeyd edib. Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə “Virtual məkanda dil problemlərinin araşdırılması və müvafiq təkliflərin işlənməsi” mövzusunda aparılacaq tədqiqatlar barədə məlumatları da diqqətə çatdırıb.

Cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə 15 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli 10 konfrans materialının nəşr olunmasının nəzərdə tutulduğunu söyləyib.

Şöbə rəhbəri, həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlərdən bəhs edib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev fəaliyyət planına dair fikirlərini bölüşüb, şöbədə aktual elmi problemlərin həlli istiqamətində araşdırmalar aparan gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə dair tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.