İnstitutun əməkdaşları “Mədəniyyət” kanalında “İnformasiya texnologiyaları problemləri” mövzusunda çıxış ediblər

29 Oktyabr 2024 - 12:40 | Müsahibələr, çıxışlar

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Mədəniyyət” kanalının “Sosial dilemma” proqramında “İnformasiya texnologiyaları problemləri” mövzusunda çıxış ediblər.

R.Alıquliyev çıxışı zamanı süni intellekt toxnologiyalarının yaranma tarixi, bu texnologiyaların yaratdığı təhlükələr, neyron şəbəkələrinin inkişaf mərhələləri və s. haqqında məlumat verib.  

Alim son illər süni intellekt texnologiyaları sahəsində baş vermiş sıçrayış nəticəsində bu texnologiyaların əksər sahələrdə tətbiq olunmağa başladığını diqqətə çatdırıb. R.Alıquliyev ölkəmizdə süni intellekt sahəsində həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq əldə olunan mühüm nailiyyətlər haqqında danışıb, işğaldan azad olunmuş ərazilərimizdə icra olunan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrindən bəhs edib.

M.Həşimov isə Dördüncü Sənaye İnqilabının gətirdiyi texnoloji reallıqlar kontekstində Əşyaların İnterneti, sensorlar vasitəsilə toplanan məlumatlar, o cümlədən aparat və proqram təminatı ilə bağlı rast gəlinən əsas problemlərdən danışıb. Tədqiqatçı həmçinin müasir dövrdə insanların həyatında mühüm rola malik olan intellektual sistemlərin əsas mahiyyəti və bu sistemlərdən istifadənin üstünlükləri barədə məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.