İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları araşdırılır

28 Oktyabr 2024 - 11:05 | Konfranslar, İclaslar
İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları araşdırılır

Müasir dövrdə cəmiyyətin sosial-iqtisadi inkişafının əsas amili olan intellektual potensial iqtisadiyyatın əsasını təşkil edir. O, cəmiyyətin intellektual həyatının bir-biri ilə sıx bağlı olan iki sahəsinin inkişaf səviyyəsini, yəni elm və təhsilin vəziyyətini ümumiləşdirilmiş formada əks etdirir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunda keçirilən şöbə seminarında institutun böyük elmi işçisi Mərziyə İsmayılova məlumat verib. “İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları” mövzusunda məruzə ilə çıxış edən M.İsmayılova intellektual potensialın qiymətləndirilməsi sahəsində dünya ölkələrində  tətbiq olunan mövcud metodologiyalar haqqında danışıb.

Məruzəçi qeyd edib ki, intellektual potensialın qiymətləndirilməsində “Bilik indeksinin hesablanma metodologiyası”, “İntellektual potensialın elm və təhsil üzrə qiymətləndirilmə metodologiyaları”, “Ümumi innovasiya indeksinin hesablanma metodologiyası” , “Universitetlərin intellektual potensialının hesablanma metodikası” və s. metodologiyalardan geniş istifadə edilir.

Tədqiqatçı MDB ölkələri, eləcə də Azərbaycan üzrə tədqiqatlara çəkilən xərclərin ümumdaxili məhsulda (ÜDM) payının dinamikasını təqdim edib, Azərbaycan üzrə (2017-2022-ci illər) patent ərizəsi verənlərin və patent alanların sayı, o cümlədən bəzi inkişaf etmiş ölkələr üzrə təhsilə ayrılan xərclərin ÜDM-də payına dair statistik göstəricilər barədə məlumat verib.

Sonra o, Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi istiqamətində görülən işlərdən söz açaraq təhsil və elm üzrə intellektual potensialın kəmiyyət qiymətləndirilməsi üçün Rutkeviç və Levaşov metodikasından istifadə edildiyini bildirib. 2010-cu ildə BMT tərəfindən işlənib hazırlanmış və qəbul edilmiş yeni metodologiyaya əsasən, təhsil indeksinin hesablanmasında dəyişikliklər edildiyini deyən məruzəçi əlavə edib ki, ölkəmizdə intellektual potensialın qiymətləndirilməsində Azərbaycan Dövlət Statistika Komitəsinin statistik məcmuəsi (2017-2021-ci illər) üzrə tәhsilin, elmin vәziyyәtini vә inkişaf sәviyyәsini әks etdirәn bir sıra göstәricilәrdən istifadə olunmuşdur.

O, həmçinin intellektual potensialı xarakterizə edən indekslərin 2017-2022-ci illər üzrə dinamikası, MDB ölkələrinin “Scopus” bazasında reytinqi, 1996-2023-cü illər ərzində Azərbaycanın, eləcə də Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan təşkilatların “Scopus” bazasında elmmetrik göstəricilərini, o cümlədən h-indeksini təqdim edib.  M.İsmayılova Bölməyə daxil olan institutların 2019-2023-cü illər üzrə “Scopus” bazasında məqalə və istinadları olan kişi və qadın tədqiqatçılarının sayı barədə məlumat verib, İnformasiya Texnologiyaları İnstitutunun tədqiqatçılarının elmmetrik göstəricilərini təqdim edib.

İntellektual potensialın qiymətləndirilməsi sahəsindəki çatışmazlıqlardan bəhs edən M.İsmayılova intellektual potensialın ölçülməsi ilə bağlı ayrı-ayrı ölkələrin və tədqiqatçıların təklif etdiyi çoxlu sayda metodikaların olmasına baxmayaraq onun qiymətləndirilməsinə dair vahid yanaşmanın olmadığını və müxtəlif üsullardan istifadə olunduğunu diqqətə çatdırıb.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.