Ekspert sistemlərinin tətbiqi ilə Azərbaycan dili üçün transliterasiya qaydalarının formalaşması məsələləri müzakirə olunub Sentyabr 19, 2023 | 10:03 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda 12 saylı şöbənin “Ekspert sistemlərinin tətbiqi ilə Azərbaycan dili üçün transliterasiya qaydalarının formalaşması prinsipləri” mövzusuna həsr olunmuş elmi seminarı keçirilib.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi Səbinə Məmmədzadə müasir dövrdə daha səmərəli transliterasiyaya nail olunmasına imkan verən avtomatik transliterasiyanın təkmilləşdirilməsi istiqamətində tədqiqatlara geniş yer ayrıldığını diqqətə çatdırıb.

“Maşın transkripsiyası və transliterasiyası sistemlərinin layihələndirilməsi kompüter dilçiliyi sahəsində ən vacib məsələlərdəndir”, - deyən məruzəçi maşın transkripsiyası və transliterasiyasının insan adları, toponimlər, yer və ya obyektlərə verilən adların tərcüməsi zamanı böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. S.Məmmədzadə əlavə edib ki, fərqli yazı sistemlərinə malik dil cütlükləri arasında adların tərcümə edilməsi məqsədilə həmin adlar müvafiq yazı sistemləri vasitəsilə çevrilməli və ya romanizasiya edilməlidir.

O, maşın transliterasiyasının dillərarası məlumat axtarışında mühüm rol oynadığını qeyd edərək bildirib ki, bu üsulun strukturlaşdırılmamış mətndən strukturlaşdırılmış mətnin çıxarılması, məlumatların təsnifatı və sual-cavab kimi bir çox tətbiq sahəsinə malikdir.

S.Məmmədzadə hazırda ekspert sistemlərinin maşın transliterasiyası sahəsində ən çox istifadə edilən vasitələrdən biri olduğunu bildirib, bu sistemlər vasitəsilə biliyin bir neçə fərqli formada təqdim olunmasının mümkünlüyünü ifadə edib.

Məruzəçinin sözlərinə görə, geniş və effektiv şəkildə istifadə olunan ekspert sistemləri vasitəsilə biliyin əldə edilməsi prosesinə ən azı bir bilik mühəndisi və bir sahə mütəxəssisindən ibarət komanda cəlb edilir. O, həmçinin maşın transliterasiyası zamanı tətbiq olunan qayda-əsaslı, qeyri-səlis və freym-əsaslı ekspert sistemlərinin bir sıra müsbət və mənfi cəhətlərindən bəhs edib. Qeyd edib ki, qaydaya əsaslanan ekspert sistemində qaydanın axtarışı və icrası üçün daha çox zaman tələb olunur, qeyri-səlis məntiq isə qeyri-dəqiq biliklərlə əlaqəli olur. Freym-əsaslı ekspert sistemi insanlara biliyi iyerarxik şəkildə təqdim etməyə imkan verir, qaydalara əsaslanan ekspert sistemi isə sadə strukturu səbəbindən daha asan hesab olunur. Məruzəçi əlavə edib ki, hər iki sistemin üstünlüklərinin birləşməsindən hibrid texnologiya yaradıla bilər.

Tədqiqatçı Azərbaycan dilinin digər dillərlə transliterasiyası üçün ekspert sistemlərinin transliterasiya üzrə qayda bazasının formalaşması haqqında məlumat verib. Bildirib ki, Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə avtomatik transliterasiyasını təmin etmək məqsədilə ilk növbədə Azərbaycan dilinin qrafik və fonetik xüsusiyyətləri araşdırılmalı, Azərbaycan dilinin digər dillərlə fonetik və qrafik uzlaşması öyrənilməlidir: “Latın qrafikasının istifadəsinə baxmayaraq, Azərbaycan dili qrafikası ingilis, fransız, alman və digər geniş yayılmış dillər üçün qəbul edilən latın qrafikalarından fərqlənir. Qeyd edilən məsələlərlə əlaqədar olaraq Azərbaycan dili qrafikasında istifadə olunan konkret hərflərin qarşılığının seçilməsi bu problemi daha da çətinləşdirir”. O, bu məqsədlə Azərbaycan dili qrafikasının digər dillərin qrafikalarına transliterasiyası üçün müvafiq dil mütəxəssislərinin biliklərindən istifadə etməklə biliklər bazasının yaradıldığını vurğulayıb yaradılmasının zəruriliyini vurğulayıb.

S.Məmmədzadə həmçinin avtomatik transliterasiyayanı dəstəkləyən ekspert sisteminin biliklər bazası ilə qarşılıqlı əlaqəsinin sxemini təqdim edib.  

Sonda məruzəçi qeyd edib ki, Azərbaycan dili üçün istifadə edilən latın qrafikasının transliterasiya sistemi çoxsaylı alt sistemlərə malik olduğundan gələcək tədqiqat işlərində layihələndiriləcək ekspert sistemləri üçün transliterasiya sahəsinə müvafiq olaraq bir neçə alt sistemin daxil edilməsi nəzərdə tutulur.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı