Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirildi May 18, 2023 | 03:58 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirildi. Tədbirdə AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, AMEA Rəyasət Heyətinin elmi katibləri – filologiya üzrə elmlər doktoru Sərxan Xavəri və filologiya üzrə fəlsəfə doktoru, dosent  Hikmət Quliyev, eləcə də digər məsul şəxslər, alim və mütəxəssislər iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev açdı. Akademik əvvəlcə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün tarixinə nəzər salaraq xatırlatdı ki, 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilmişdir. Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul etmişdir. Həmin ildən etibarən hər il mayın 17-də BTİ-nin çağırışlarına müvafiq olaraq İnformasiya Texnologiyaları İnstitutunda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunur.

Tədbirin həm də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu söyləyən akademik Rasim Əliquliyev Ümummilli Liderin ötən əsrin ikinci yarısından etibarən Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu istiqamətdə kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olduğunu xatırlatdı.

Sonra alim Azərbaycanda süni intellekt texnologiyalarının meydana gəlməsi və inkişaf tarixi haqqında geniş məruzə ilə çıxış etdi. Süni intellekt nəzəriyyəsinin təkamülü haqqında məlumat verərək ötən əsrin 40-cı illərində süni intellektlə bağlı irəli sürülən fantast mülahizələr və ideyalardan söz açdı.

Akademik tanınmış alim Alan Türinqin 1950-ci ildə çap etdirdiyi “Hesablama maşınları və intellekt” adlı əsərinin süni intellekt nəzəriyyəsinə əhəmiyyətli töhfə olduğunu bildirdi. Eyni zamanda dünya şöhrətli alim, professor Lütfi Zadənin 1950-ci illərdə süni intellekt məsələlərinə diqqət yönəltdiyini, bu sahədə ilk elmi əsərlərdən birinin Lütfi Zadə tərəfindən 1950-ci ildə ABŞ-ın Kolumbiya Universitetində çap olunduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, Lütfi Zadənin 1965-ci ildə “qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq” nəzəriyyəsini irəli sürməsi süni intellektin inkişafında inqilabi dəyişikliyə səbəb olmuşdur.

“Maşın təlimi, dərin təlim, genetik alqoritmlər, qeyri-səlis məntiq, süni immun sistemləri, obrazların tanınması, süni neyron şəbəkələri  və s. süni intellektin tərkib hissələridir”, - deyə akademik əlavə etdi. 

AMEA-nın vitse-prezidenti Azərbaycanda Lütfi Zadə nəzəriyyəsinin formalaşması və inkişafından bəhs edərək Lütfi Zadə – Azərbaycan əlaqələri, qeyri-səlis məntiq nəzəriyyəsinin davamçıları, Azərbaycan alimlərinin bu sahədə dünya elminə verdiyi töhfələrdən danışdı.

Alim 1960-1990 və 1990-2020-ci illərdə Azərbaycanda süni intellektin müxtəlif istiqamətləri üzrə aparılan araşdırmalardan, alimlərimizin əldə etdiyi mühüm nailiyyətlərdən də söz açdı. Eyni zamanda İnformasiya Texnologiyaları İnstitutunda intellektual elektron dövlətin formalaşması, informasiya təhlükəsizliyi sahəsində süni intellekt texnologiyalarının tətbiqi, neyroriyaziyyatın, obrazların tanınması, Big data analitikası, maşın və dərin təlimin elmi-nəzəri əsaslarının inkişafı istiqamətində əldə olunan nailiyyətlərin ölkəmizdə süni intellektin inkişafına mühüm töhfələr verdiyini vurğuladı.

Elmi seminarda AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “Təbiətdən qaynaqlanan süni intellekt alqoritmləri” mövzusunda məruzəsini təqdim etdi. Alim əvvəlcə süni intellekt və onun inkişaf mərhələləri haqqında məlumat verərək bildirdi ki, süni intellekt üçün ilkin şərtlər 1943-1955-ci illərdə yaranmışdır. Süni intellekt təbiətlə İKT arasında analoqların müəyyən edilməsi, davranışın modelləşdirilməsi, İKT tətbiqləri üçün modelin sadələşdirilməsi və sazlanması kimi mərhələlərdən keçmişdir.

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təbiətdən qaynaqlanan alqoritmlərin təsnifatını təqdim  edərək biologiya, fizika, kimya, riyaziyyat və digər elm sahələrindən qaynaqlanan alqoritmlər haqqında ətraflı məlumat verdi, hər birinə dair nümunələr təqdim etdi.

Daha sonra elmi seminarda “IV Sənaye İnqilabının texnoloji çağırışları kontekstində kibertəhlükələr və onların intellektual analizi problemləri” mövzusunda  məruzə dinlənildi. Məruzəni AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev təqdim edərək əvvəlcə IV Sənaye İnqilabı kontekstində kibertəhlükəsizlik məsələlərindən danışdı. “IV Sənaye İnqilabı Əşyaların İnterneti texnologiyaları, avtomatlaşdırma, süni intellekt, maşın təlimi və böyük verilənlərin analizi kimi qabaqcıl texnologiyaların istehsal proseslərinə inteqrasiyasıdır”, – deyən məruzəçi bildirdi ki, IV Sənaye İnqilabı bir çox üstünlüklər və innovasiyalar gətirsə də, kibertəhlükəsizlik üçün yeni problemlər də yaradır.

IV Sənaye İnqilabının kibertəhlükəsizlik problemlərinə diqqət çəkən tədqiqatçı nəzərə çatdırdı ki, cihazların, sistemlərin və şəbəkələrin bir-birinə bağlı olması səbəbindən potensial kibertəhlükələr daha geniş spektri əhatə edir. Təhdidlər müxtəlif mənbələrdən, o cümlədən müdaxilə edənlər, daxili təhdidlər və digər ölkələr tərəfindən dəstəklənən hücumlar ola bilər. B.Nəbiyev həmçinin kibertəhlükələrin təhlili və onlarla mübarizədə süni intellektin əhəmiyyəti, süni intellekt modellərindən yayınma və manipulyasiya, süni intellektin tətbiqi ilə bağlı qaydalar, yeni nəsil texnoloji həllərlə bağlı elmi ictimaiyyətdə və vətəndaş cəmiyyətində səslənən narahatlıqlar və s. barədə danışdı.

Məruzələrlə bağlı geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

Tədbirdə akademik Muxtar İmanov, eləcə də fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, filologiya elmləri doktoru Sərxan Xavəri və filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev çıxış edərək elmi seminarda təqdim olunan məruzələrin cəmiyyətimiz üçün olduqca aktual və maraqlı mövzulara həsr olunduğunu, əhəmiyyətli elmi problemlərə toxunulduğunu diqqətə çatdırdılar. Həmçinin akademik Rasim Əliquliyevin rəhbərliyi ilə İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif elm sahələri ilə birgə aparılan multidissiplinar tədqiqatları yüksək qiymətləndirdilər, bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi üçün lazımi köməkliyi göstərməyə hazır olduqlarını qeyd etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı