Məktəblilər İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanış oldular Dekabr 20, 2022 | 09:34 / Görüşlər

Bakı şəhəri Şəhid Nüsrət Yaqubov adına 120 nömrəli, Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1 nömrəli və Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəblərin müəllim heyəti və 10-11-ci sinif şagirdləri AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda oldular. Qonaqlar institutun Tədris-İnnovasiya Mərkəzi (TİM), Multimedia Texnologiyaları Mərkəzi, Elektron Kitabxana Mərkəzi, İnternet-kafe və “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış oldular.

Öncə məktəblilər TİM-in müasir avadanlıqlarla, tədrisin keyfiyyətinə nəzarət üçün videokonfrans sistemi ilə təchiz olunmuş otaqları və Distant Tədris Mərkəzində oldular.

TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verdi. 2003-2019-cu illər ərzində ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirildiyini, dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris olunduğunu bildirdi. Qeyd etdi ki, 2015-2019-cu illərdə AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün ümumi fənlərin tədrisi və imtahanların qəbulu da mərkəzdə həyata keçirilmişdir.

O, 2011-ci ildə, respublikada ilk dəfə olaraq, TİM-də Distant Tədris Mərkəzinin yaradıldığını, Naxçıvan və Gəncədə bu mərkəzin filiallarının fəaliyyətə başladığını və distant tədris xidmətlərinin göstərildiyini qeyd etdi. Həmçinin mərkəzdə distant seminar və konfransların, elmi müəssisə və təşkilatların əməkdaşları, eləcə də şagird, tələbə və müəllimlər üçün fərdi və qrup şəklində İT-kursların təşkili, informasiya texnologiyaları sahəsində biliklərin qiymətləndirilməsi və sertifikatlaşdırılması ilə bağlı görülən işləri nəzərə çatdırdı.

Mərkəzin müvafiq dövlət qurumları və ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri haqqında məlumat verən R.Mahmudova 2007-2019-cu illərdə ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının təşkil olunduğunu söylədi. Qeyd etdi ki, hazırda mərkəzdə informasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələr, eləcə də institutun magistrantlarına ixtisas fənlərinin tədrisi və imtahanların təşkili işləri həyata keçirilir.

Sonra Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov mərkəzin fəaliyyəti barədə məlumatları qonaqların diqqətinə çatdırdı. “İnformasiya texnologiyaları” nəşriyyatında kitabların çap prosesini, genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqlarının, eləcə də 3D-printerin iş prinsipini əyani şəkildə nümayiş etdirdi və şagirdləri maraqlandıran sualları cavablandırdı.

Elmi informasiya və elmmetriya şöbəsinin rəhbəri Mədinə Səidova qonaqlara şöbənin Elektron kitabxana xidmətləri, Elmmetrik tədqiqatlar, Antiplagiat və DOI xidmətləri sektorları haqqında məlumat verdi. M.Səidova elektron kitabxanada “Exlibris” şirkətinə məxsus Alephino Kitabxana İdarəetmə Sistemindən (KİS) istifadə olunduğunu bildirdi. Qeyd etdi ki, təhlükəsizliyin təmin olunması, bu sistemlərdən 7/24 rejimində, zaman və məkandan asılı olmayaraq istifadə üçün kitabxananın serveri AzScienceNet elm kompüter şəbəkəsində yerləşdirilmişdir.

Onun sözlərinə görə, jurnalların qiymətləndirilməsi (jurnalogiya, nəşriyyat etikası), institutun “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” elmi jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri, “Elmmetriya saatı” interaktiv seminarlarının təşkili, məqalələrin nəşri üçün seçilmiş jurnalların etibarlı və ya “yırtıcı” olmasının müəyyən edilməsi Elmmetrik tədqiqatlar sektorunun əsas fəaliyyət istiqamətləridir. Antiplagiat və DOI xidmətləri sektorunda isə antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi, elmi nəşrlərə DOI-lərin alınması və digər xidmətlərin göstərilməsi ilə bağlı “Crossref” şirkəti ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində işlər görülür.

Şöbə rəhbəri əməkdaşların zəruri elmi informasiya ilə təmin edilməsinin institutun fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu söylədi. Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirildiyini, elektron kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün ən son texnologiyaların quraşdırıldığını nəzərə çatdırdı.

Daha sonra qonaqlar institutun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzi və Data Mərkəzin fəaliyyəti ilə yaxından tanış oldular. Mərkəz rəhbərinin müavini Tural Mustafayev AzScienceNet-in fəaliyyəti haqqında ətraflı məlumat verərək, şəbəkənin Azərbaycan elm və təhsilinin Avropa mühitinə inteqrasiyasında mühüm rola malik olduğunu vurğuladı. O, AzScienceNet şəbəkəsinin Data Mərkəzinin fəaliyyəti və təklif etdiyi xidmətlərdən bəhs etdi, burada istifadəçilərə hesablama işlərini həyata keçirən virtual maşınlar və böyük həcmli yaddaş resurslarının təklif olunduğunu bildirdi. Qeyd etdi ki, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil qurumları da institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı