Çoxölçülü verilənlərin operativ analizi texnologiyalarının intellektuallaşdırılması üçün metod və alqoritmlər işlənilir Noyabr 18, 2022 | 03:31 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2022-ci il üzrə illik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova cari il ərzində aparılan elmi-tədqiqat işləri barədə məlumat verdi.

Məruzəçi e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi problemləri üzrə çoxölçülü verilənlərin operativ analizi texnologiyalarının nəzəri əsaslarının inkişafı və intellektuallaşdırılması üçün metod və alqoritmlərin işlənməsi, blokçeyn texnologiyalarından istifadə etməklə OLAP sistemlərin informasiya təhlükəsizliyinin təmin edilməsi, Sənaye 4.0-ın demoqrafik proseslərə təsirinin araşdırılması istiqamətində aparılan tədqiqatlar və bu tədqiqatlara dair çap olunan məqalələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

O, “Virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri” mövzusunda intellektual terminoloji informasiya sistemlərinin sintezi problemlərinin tədqiqi istiqamətində görülən işlərdən söz açdı. Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi, linqvistik demoqrafiyanın tarixi inkişafı, Milli Toponimik Geoinformasiya Sisteminin arxitektur-texnoloji prinsiplərinin işlənilməsi ilə bağlı araşdırmaların davam etdirildiyini və məqalələrin çap olunduğunu söylədi.

G.Nəbibəyova qeyd etdi ki, rəhbərlik etdiyi şöbədə elmi-tədqiqat işləri çərçivəsində virtual məkanda transliterasiya problemləri, şəxs adlarının tərcüməsində transliterasiyanın tətbiqi, intellektual transliterasiya interfeyslərinin işlənilməsi, ekspert sistemlərinin tətbiqi ilə transliterasiya qaydalarının qiymətləndirilməsi metodlarının analizi, fars qrafikasından Azərbaycan dilinin qrafikasına transliterasiya üçün intellektual interfeysin işlənməsi istiqamətində araşdırmalar aparılır. Həmçinin “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” mövzusu üzrə informasiya təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi sahəsində mövcud elmi-texnoloji problemlər, müvafiq istiqamətdə aparılmış araşdırmaların vəziyyəti tədqiq edilmiş, mühüm elmi nəticələr əldə olunmuşdur.

“Hesabat ili ərzində tanınmış elmi jurnallarda 6 məqalə çap olunmuşdur ki, bunlardan 4-ü nüfuzlu “Web of Science”, 1-i “Scopus” elmi bazalarına daxildir”, – deyə şöbə rəhbəri bildirdi. Elmi-pedaqoji fəaliyyət çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsində Dövlət İmtahan Komissiyasının üzvlük və İxtisaslaşdırılmış Müdafiə Şurasının işində iştirak edildiyini də qeyd etdi.

O, həmçinin şöbənin elmi-innovasiya, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. barədə məlumat verdi.

Sonra hesabat ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev şöbədə e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi, virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri, milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, eləcə də digər mövzularda əsaslı tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti yüksək qiymətləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı