İnstitutun əməkdaşları TUBİTAK-ın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil ediblər Oktyabr 04, 2022 | 10:06 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və  institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova 22-25 sentyabr 2022-ci il tarixlərdə Türkiyədə hibrid formada keçirilən “II Beynəlxalq Xarakteristika Simpoziumu”nda (International Symposium on Characterization - ISC´22)  məruzə ilə çıxış ediblər.  

Beynəlxalq tədbirdə  Şəfəqət Mahmudova “İntellektual proqram sistemi və intellektual interfeys üçün metodun işlənməsi” mövzusunda məruzəsini təqdim edib.

O, çıxışı zamanı intellektual proqram sistemlərinin layihələndirilməsi barədə məlumat verib. Bildirib ki, intellektual proqram sistemi dedikdə verilənlərin təhlili və interpretasiyası və ya sistemlərlə və insanlarla əlaqə qurmaq üçün süni intellektdən istifadə edən istənilən proqram təminatı başa düşülür.

Tədqiqat zamanı məsələnin aktuallığının əsaslandırıldığını, mövcud problemlərin araşdırıldığını deyən məruzəçi intellektual  proqram sistemlərin layihələndirmə  mərhələsindəki problemləri qiymətləndirərkən bir sıra amillərin nəzərə alındığını deyib. Buraya verilənlərin asan toplanması, intellektual sistemlərin işlənməsinə çəkilən xərclərin azlığı, ekspertlərin və lazımi ehtiyatların mövcudluğu (kompüterlər, proqramçılar, proqram təminatı və s.) aiddir.

Ş.Mahmudova məqalədə əlaqəli işlər və intellektual proqram sistemlərinin sintezi barədə məlumat verildiyini, tətbiq sahələrinin müəyyən edildiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, qərarların qəbul edilməsində sintez məsələsi araşdırılmış, intellektual proqram sisteminin sintezi üçün metod işlənmişdir.

Konfransda “Sənaye 4.0 mühitində mütəxəssislərə olan tələblər: problemlər və həlli yolları” mövzusunda məruzəni isə Rəsmiyyə Mahmudova təqdim edib. 

“Yeni sənaye inqilabı insanın həyat və fəaliyyətini tanınmaz dərəcədə dəyişdirir”, - deyən məruzəçi süni intellekt, robototexnika, Əşyaların İnterneti, 3D çap, nanotexnologiyalar, kvant hesablamaları və böyük verilənlərin  Dördüncü Sənaye İnqilabının əsasını təşkil edən texnoloji reallıqlar olduğunu nəzərə çatdırıb.

R.Mahmudova rəqəmsal texnologiyaların tətbiqi iş yerlərinin itirilməsinə gətirib çıxardığını, Ümumdünya İqtisadi Forumunun proqnozuna görə gələcəkdə robotların tətbiqi nəticəsində dünyanın bir sıra ölkələrində milyonlarla insanın iş yerinin itirilməsi təhlükəsi ilə üzləşəcəyini söyləyib.

Məruzəçinin sözlərinə görə, sənaye müəssisələrində kiberfiziki sistemlərin tətbiqi, istehsal proseslərinin və digər proseslərin kompüter proqramları ilə idarə olunması onların kibertəhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını tələb edir. Hazırda müasir rəqəmsal dünyada kibercinayətkarlıq dünya iqtisadiyyatının inkişafı üçün əsas təhdid faktorudur:

“Araşdırmalar onu göstərir ki, təhlükəsizlik pozuntularının əksəriyyəti insan səhvlərinin nəticəsində baş verir. Ona görə də müəssisələr öz resurslarının informasiya təhlükəsizliyinin səviyyəsini yüksəltmək və əməkdaşların kibertəhlükələrə qarşı müqavimətini artırmaq üçün öz əməkdaşlarını daha keyfiyyətli şəkildə hazırlamalıdır”.

R.Mahmudova tədqiqat çərçivəsində sənaye 4.0 mühitində rəqəmsal texnologiyaların tətbiqinin üstünlükləri və çatışmazlıqları, yaranan problemlər və bu problemlərin aradan qaldırılması yollarının araşdırıldığını deyib. Əlavə edib ki, hazırda və yaxın gələcəkdə mütəxəssislərə olan tələblər baxımından yeni bacarıq və vərdişlərin siyahısının müəyyənləşdirilməsi üçün mövcud yanaşmalar analiz olunur və ümumiləşdirilir. Bu bacarıq və vərdişlərin inkişaf etdirilməsi üçün təklif və tövsiyələr verilir.

Hər iki məruzəçiyə konfransda fəal iştirakına görə sertifikat təqdim olunub. 

Türkiyənin Afyonkarahisar şəhərində keçirilən simpozium Afyon Kocatepe Universiteti, Giresun Universiteti, NED Mühendislik və Texnologiya Universiteti və TÜBİTAK Marmara Araşdırma Mərkəzi tərəfindən təşkil edilib.  

Tədbir tətbiqi, tibb, biologiya, kimya, Yer və ətraf mühit elmləri, mühəndislik və digər sahələrdə əldə edilmiş son elmi nailiyyətlərin müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən olan alim və tədqiqatçıları bir araya gətirib.

Qeyd edək ki, konfrans materialları “Web of Science” platformasına daxil olan “Science Citation Index Expanded” bazasında indeksləşəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı