İnformasiya Texnologiyaları İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirildi İyun 28, 2022 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İxtisaslaşdırılmış Magistr Müdafiə Şurasının iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan iclasın sədri, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırdı, iclasın 060631 – “Kompüter mühəndisliyi” və 060632 – “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə 2021-2022-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsinə həsr olunduğunu qeyd etdi.

Öncə institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov magistrantlar tərəfindən şuraya təqdim olunmuş sənədlər haqqında məlumatı nəzərə çatdırdı.

Sonra institutun magistrantı Rəşad İbrahimov “Pilotsuz uçuş aparatlarının aşkarlanması üsullarının tədqiqi” mövzusunda dissertasiya işini təqdim etdi. İşin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər, elmi yeniliyi və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan elmi-tədqiqat işinin məqsədi pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması sisteminin yaradılmasının elmi-nəzəri və metodoloji əsaslarının, onun intellektuallaşdırılması üsullarının işlənilməsidir.

Dissertasiya işində əldə olunmuş əsas nəticələri təqdim edən gənc tədqiqatçının sözlərinə görə, elmi-tədqiqat işində PUA-ların aşkarlanması problemlərinin müasir vəziyyəti analiz edilmiş, onların audio verilənlər və vizual təsvirlər əsasında analizi metodları işlənilmiş, PUA-ların aşkarlanması üçün audio əlamətlər çoxluğu yaradılmış və onun eksperimental tədqiqi aparılmış, eləcə də vizual təsvir verilənləri intellektual analiz edilmişdir.

Daha sonra digər magistrant Qurban Fərəcov “Kiber-fiziki sistemlərdə kriptoqrafik autentifikasiya protokollarının tədqiqi” mövzusunda dissertasiya işinə dair çıxış etdi. İddiaçı giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan elmi-tədqiqat işinin məqsədinin kriptoqrafik autentifikasiya protokollarının analizi, kiber-fiziki sistemlər üçün yeni autentifikasiya protokolunun və onun kiber-fiziki sistemlərdə (KFS) istifadəsi üçün tövsiyələrin işlənilməsi olduğunu söylədi.

Q.Fərəcov dissertasiya işində KFS, onların tətbiq sahələri və təhlükəsizlik problemlərinin analiz edildiyini, kriptoqrafik autentifikasiya protokollarına hücumların nəzərdən keçirildiyini, açıq açarlı və post-kvant autentifikasiya metodları sahəsində aparılmış elmi-tədqiqat işlərinin araşdırıldığını və kriptoqrafik autentifikasiya protokolunun təklif edildiyini bildirdi.

İnstitutun magistrantı Fuad Əhmədov “Kibercinayətlərin aşkarlanması üçün loq-faylların intellektual analizi metodlarının tədqiqi” adlı dissertasiya işini təqdim etdi.

İddiaçının sözlərinə görə, giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan elmi-tədqiqat işinin məqsədi kiberinsidentlərin aşkarlanması, təhdidləri generasiya edən proqram və ya vasitələrin yaradılmasında, eləcə də tətbiq olunmasında iştirak edən bədniyyətlilərin müəyyən olunması, mütəşəkkil həll yolunun tətbiq olunması, operativliyin yüksəldilməsi, insan faktorunun minimallaşdırılması və yeni təhdidlərə uyğun reaksiyanın vaxtında verilməsidir.

O, dissertasiya işində əldə edilmiş nəticələri diqqətə çatdıraraq, kibercinayətlərin aşkarlanması üzrə mövcud sistem və vasitələrin tədqiq olunduğunu, kibercinayətlərin aşkarlanması üçün loq-fayl tiplərinin, loq-faylların intellektual analizi metodlarının araşdırıldığını və müqayisəli təhlil edildiyini, eləcə də kibercinayətlərin aşkarlanması üzrə loq-faylların intellektual analizi üçün konseptual modelin təklif olunduğunu qeyd etdi.

İnstitutun magistrantı Leyla Məmmədova çıxış edərək, “Klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılması və onların müqayisəli təhlili” adlı dissertasiya işinin strukturu, mövzunun aktuallığı və qarşıya qoyulmuş məsələlər haqqında məlumat verdi. L.Məmmədova tədqiqat işinin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi.

Qeyd etdi ki, dissertasiya işinin məqsədi verilənlərin analizi sahəsində geniş imkanlara malik olan Python proqramlaşdırma dilinin öyrənilməsi, klasterləşdirmə metodlarının, klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılması, eləcə də Python mühitində verilənlər çoxluğu üzərində bəzi klasterləşdirmə alqoritmlərinin eksperimental nəticələrinin qiymətləndirmə indeksləri vasitəsilə müqayisəli analiz edilməsidir.

İddiaçının sözlərinə görə, tədqiqat işində klasterləşdirmə alqoritmləri və onların təsnifatı, xarici və daxili qiymətləndirmə indeksləri araşdırılmış, klasterləşmənin keyfiyyətinin qiymətləndirilməsi üçün bir sıra xarici və daxili qiymətləndirmə indekslərindən istifadə edilmişdir. Əldə edilmiş nəticələrin insan fəaliyyətinin müxtəlif sahələrində (tibb, biznes, elm və s.) verilənlərə klasterləşdirmə alqoritminin tətbiqi ilə alınmış klasterlərin keyfiyyətinin qiymətləndirilməsində praktiki əhəmiyyətə malik olduğu qənaətinə gəlinmişdir.

İddiaçılar dissertasiya işlərini təqdim etdikdən sonra şura üzvlərinin çoxsaylı suallarını cavablandırdılar.

Hər bir dissertasiya mövzusu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Müzakirələrdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat iştirak edərək elmi-tədqiqat işlərinə dair rəy və təkliflərini irəli sürdülər.

Dissertasiya işləri üzrə təyin edilmiş elmi rəhbərlərin rəyləri səsləndirildi, hər bir mövzunun müasir dövrdə aktuallıq kəsb etdiyi, magistrlik dissertasiyalarının tələblərinə cavab verdiyi və tədqiqat zamanı qarşıya qoyulmuş məsələlərin həll olunduğu bildirildi.

Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra açıq səsvermə keçirildi, müəyyən olunmuş meyarlara əsasən müdafiə olunan dissertasiya işləri qiymətləndirildi. Magistrlik dissertasiyalarının Müdafiəsi Şurası qiymətləndirmənin nəticələri əsasında 4 magistrantın hər birinə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı