İntellektual potensialın qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübə araşdırılır İyun 07, 2022 | 11:56 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova tədbirin “İntellektual potensialın qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübə” adlı məruzənin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

İnstitutun böyük elmi işçisi Mərziyə İsmayılova mövzuya dair çıxış edərək bildirib ki, iqtisadiyyatın əsasını müasir cəmiyyətin sosial-iqtisadi inkişafının mühüm amili olan intellektual potensial təşkil edir. Alimlərin fikrincə, intellektual potensial ilk növbədə, əsas hərəkətverici qüvvəsi elmi bilik və texnologiyanın istehsalı, yayılması və səmərəli istifadəsi olan təhsil cəmiyyətinin formalaşması ilə bağlıdır.

Məruzəçinin sözlərinə görə, intellektual potensialın formalaşmasına təsir edən ən mühüm amil ölkə daxilində mövcud olan ali təhsil sistemi və elmi tədqiqatlar sistemidir. Ölkənin intellektual potensialı həm texnologiyalarda, məhsullarda və insan fəaliyyətinin digər nəticələrində (elmi-texnoloji potensial) təcəssüm olunmuş, həm də həyata keçirilməyən, informasiya xarakteri daşıyan, lakin maddi daşıyıcıda (kitablar, məqalələr, elmi məruzələr və s.) sabitlənmiş elmi bilikdir, habelə fərdi insan biliyidir.

Əhalinin intellektual potensialının mahiyyətinə iki əsas anlayış vasitəsilə nəzər yetirmək mümkündür: “intellekt” və “potensial”. “İntellekt” fərdin mülkiyyətidir, zehni fəaliyyətin baş vermə ehtimalını təyin edən fərdin xüsusiyyətidir. “Potensial” kateqoriyası elmi xarakter daşıyır, riyaziyyat, fizika, mühəndislik, biologiya, kimya, iqtisadiyyat, sosiologiya və digər fənlərdə istifadə olunur. “Potensial” (lat. potentia – güc) dedikdə, müəyyən məqsədə çatmaq, planı həyata keçirmək, problemi həll etmək üçün mövcud və səfərbər oluna bilən, aktivləşdirilə bilən aktivlər, ehtiyatlar, mənbələr, fərd, cəmiyyət və dövlətin müəyyən sahədə imkanları nəzərdə tutulur.

O, intellektual potensial haqqında anlayışlar, tanınmış alimlərin intellektual potensialın strukturuna dair baxışları, onun əsas kateroqiyaları, elementləri və s. barədə ətraflı məlumat verib. Qeyd edib ki, əhalinin intellektual potensialı fərdi olaraq (mikro səviyyə), komanda, təşkilat, müəssisə (mezo səviyyə) və ölkə, bölgə (makro səviyyə) üzrə öyrənilir.

Məruzəçi intellektual potensialın qiymətləndirilməsi sahəsində inkişaf etmiş ölkələrin təcrübəsindən bəhs edib. ABŞ, Kanada, İtaliya, İspaniya, Rusiya, Türkiyə və s. ölkələrdə 25-64 yaşlı ali təhsilli əhalinin (bütün səviyyələr üzrə: bakalavr, magistr, mütəxəssis) xüsusi çəkisi, yaşlı əhalinin təhsil səviyyəsinin dinamikası və s. üzrə statistik məlumatları da seminar iştirakçılarının diqqətinə çatdırıb.

M.İsmayılova, həmçinin beynəlxalq təşkilatların müvafiq sahədə təcrübəsindən söz açıb. Avropa İttifaqının (Aİ) inkişaf strategiyasında 2020-ci ilə qədər Avropada ən dinamik və rəqabətədavamlı biliyə əsaslanan iqtisadiyyatın yaradılması məqsədinin qarşıya qoyulduğunu söyləyib: “Bu, subyektlərin daim yenilənməsi, elmi biliklərin davamlı olaraq innovativ məhsullara çevrilməsi imkanlarını nəzərdə tutur. Biznes üçün şəraitin yaxşılaşdırılması, o cümlədən yeni texnologiyalar və innovasiyalar sahəsində münasibətləri tənzimləyən hüquqi bazanın, biznesin və təhsil bazasının inkişafı, davamlı inkişafın təmin edilməsi, təhsil sistemində islahatların aparılması yolu ilə gələcəyə investisiya qoyuluşu, dövlət sektorunun fəaliyyətinə diqqət, yeni mədəni cərəyanların mənimsənilməsi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi ilə əlaqədar xidmət sektorunun inkişafı Aİ-nin intellektual potensialının inkişafının əsas istiqamətlərindəndir”.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova müvafiq sahə üzrə elmi araşdırmaların dərinləşdirilməsinə, nüfuzlu beynəlxalq bazalarda indeksləşən elmi jurnallarda məqalələrin dərc olunmasına dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı