“Industry 4.0 və yaşlı insanların məşğulluğu məsələləri” mövzusunda məruzə dinlənildi May 20, 2022 | 09:44 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminarında təqdim olunan məruzələrdən biri də “Industry 4.0  və  yaşlı  insanların məşğulluğu  məsələləri” mövzusuna həsr olunmuşdur.

Bu barədə onlayn elmi seminarda institutun şöbə müdiri Rasim Mahmudov çıxış edib. O, öz məruzəsində demoqrafik yaşlanma, onun ölçülməsi, demoqrafik yaşlanmanın əsas səbəbləri, IV sənaye inqilabının demoqrafik trendləri, Industry 4.0 reallığında insanların yaşlanmasının səbəbləri, yaşlı işçilərin üstün və zəif cəhətləri, Industry 4.0 şəraitində  yaşlı  insanların  məşğulluq  səviyyəsinin artırılması təşəbbüsləri və s. kimi məsələlərdən bəhs edib.

“Demoqrafik yaşlanma əhalinin ümumi sayında yaşlı insanların xüsusi çəkisinin artmasıdır”, - deyən məruzəçi bildirib ki, BMT dünya əhalisinin yaşlanmasının XXI əsrin ən mühüm sosial transformasiyalarından biri hesab edir. Dünya Bankının məlumatına görə, 2020-ci ildə dünyada yaşlı əhalinin xüsusi çəkisi 9,32 %-ə çatıb.

Demoqrafik yaşlanmanın ölçülməsi məsələsindən söz açan R.Mahmudov BMT-nin tərtib etdiyi şkala əsasında yaşı 65-dən yuxarı olanların nisbəti və əhalinin yaşlanması səviyyələrinin ölçülməsi haqqında da danışıb. Qeyd edib ki, əhalisinin 7%-dən çoxunun yaşının 65-dən yuxarı olan ölkələrin əhalisi “yaşlanmış əhali” hesab olunur.

O, Azərbaycanda əhalinin yaşlanması tendensiyası barədə məlumat verərək nəzərə çatdırıb ki, ölkəmizdə 2021-ci ildə əhalinin 7,2%-ni yaşı 65-dən yuxarı olan insanlar təşkil etmişdir: “Bu göstəricilərə əsasən demək olar ki, Azərbaycan artıq əhalisi yaşlı olan ölkələrin sırasına qədəm qoyub”.

R.Mahmudovun sözlərinə görə, yaşlı insanların nisbətinin yüksək olduğu ölkələrin sırasına Yaponiya, İtaliya, Yunanıstan, Portuqaliya, Almaniya, Fransa və digər ölkələr daxildir.

Yaponiyada yaşlı işçilərin sayının artım dinamikasına dair statistik göstəriciləri diqqətə çatdıran şöbə müdiri qeyd edib ki, bu rəqəm 2005-ci ildə 4,8, 2010-cu ildə 5,7, 2015-ci ildə 7,3, 2020-ci ildə isə 8,5 milyon nəfər olmuşdur.

O, demoqrafik yaşlanmanın səbəblərini sadalayaraq qeyd edib ki, buraya doğum səviyyəsinin aşağı düşməsi (doğuş faktoru), orta ömür müddətinin uzanması (ölüm faktoru), gənc və orta yaşlı insanların ölkəni tərk etmələri (miqrasiya faktoru) daxildir.

Şöbə müdiri IV Sənaye İnqilabının demoqrafik trendlərini də seminar iştirakçılarının nəzərinə çatdırıb: “Bu sahəni tədqiq edən tanınmış alim Klaus Şvab hesab edir ki, yaxın gələcəkdə əhali yaşlanacaq, insanların ömrü uzanacaq, urbanizasiya sürətlənəcək, əhalinin təhsil səviyyəsi artacaq, monqoloid  irqinə məxsus insanlar dominantlıq edəcək”.

R.Mahmudov süni intellektin, Big Data texnologiyalarının tətbiqi ilə tibbin inkişafı, xəstəliklərin azalması, sosial təminat sisteminin yaxşılaşması, qeyri-ənənəvi nikahlar, ailə institutlarının dağılması və s. kimi amillərin Industry 4.0 reallığında əhalinin yaşlanmasının əsas səbəblərindən olduğunu söyləyib.

Industry 4.0-ın əmək bazarına əsas təsirləri məsələsinə toxunan şöbə müdiri hazırda iki əsas tendensiyanın müşahidə olunduğunu deyib: birincisi, bəzi ənənəvi peşə sahələri aradan qalxır, insanları robotlar əvəz edir, iş yerləri ixtisara düşür (mənfi tendensiya). İkincisi, fiziki imkanları məhdud olan şəxslərin, o cümlədən yaşlı insanların səmərəli əmək faəliyyəti üçün imkanlar yaranır (müsbət tendensiya).

R.Mahmudovun sözlərinə görə, istedadların çatışmazlığı, biliklərin itirilməsi, dəyişən bazar reallıqları, əmək qanunvericiliklərində dəyişikliklərin edilməsi zərurəti əhalinin yaşlanmasının yaratdığı əsas problemlərdəndir.

Şöbə müdiri yaşlı işçilərin gənclərlə müqayisədə üstün və zəif cəhətləri haqqında da danışıb. Üstün cəhətləri kimi, təcrübə, məqsədə çatmaq bacarığı; özünəinam, özlərinin güclü və zəif tərəflərini bilmələri; kommunikasiya, ünsiyyət vərdişlərinin inkişaf etməsi; etibarlılıq, daha çox fayda vermək istəyi; rəhbərliyə qarşı loyallıq və etimad; işdən yayınmaların daha az olması xüsusiyyətlərini göstərib. Zəif cəhətlərinə isə fiziki imkanların, qavramanın və iş tempinin zəifləməsi; fiziki və psixoloji yüklənməyə qarşı zəif müqavimət; gənc həmkarlarla müqayisədə təhsil səviyyəsinin və texnoloji bacarıqların nisbətən aşağı olması; gənc həmkarlarla müqayisədə texnoloji dəyişikliklərə daha ləng reaksiya vermələri kimi xüsusiyyətlərin aid olduğunu qeyd edib.

Məruzəçi Industry 4.0 şəraitində yaşlı insanların məşğulluq səviyyəsinin artırılması istiqamətində beynəlxalq təşəbbüslərdən də danışıb. Vətəndaşların pensiya yaşını artırmaq, işçi qüvvəsi ilə bağlı yaranan problemi yaşlı insanların hesabına həll etmək, işçilərin daha uzun müddət aktiv və məhsuldar saxlanılmasına nail olmaq, yaşlı insanların bilik və təcrübəsindən maksimum faydalanmaq və s. əsas təşəbbüslərdən olduğunu vurğulayıb.

Mövzu ilə bağlı fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev cəmiyyətin inkişafında müxtəlif vaxtlarda baş vermiş sənaye inqilablarına adekvat olan əmək bazarlarının da formalaşdığını diqqətə çatdırıb. “IV Sənaye inqilabı əmək bazarının aşağı və yuxarı intervalını genişləndirir”, - deyən akademik fikrini izah edərək bildirib ki, I və II sənaye inqilabları dövründə uşaq əməyinin istismarı və yaşlı insanların təqaüdə çıxa bilməmələri sosial problemlər yaradırdısa, IV Sənaye inqilabının hazırkı çağırışları məkandan və zamandan asılı olmadan əmək bazarının intervalının genişlənməsini nəzərdə tutur.

“Yeni cəmiyyətdə müxtəlif yaş qruplarından olan insanlara öz ağıl və zəkasının gücünü reallaşdırmaq, əmək fəaliyyətini davam etdirmək və sosiallaşmaq üçün geniş imkanlar açılır”, - deyə R.Əliquliyev əlavə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı