Akademik Rasim Əliquliyev: “Ölkəmizdə kiberinsidentlərə qarşı mübarizə aparacaq institusional mühit yaratmağı hədəfləyirik” Fevral 10, 2022 | 02:03 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında elmlər və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim ediləcək dissertasiya işlərinə dair müzakirələr aparıldı.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “İnternet mühitində kompüter insidentlərinin intellektual analizi metodları və alqoritmlərinin işlənməsi” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işi haqqında məlumat verdi. O, işin giriş, 6 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu diqqətə çatdırdı.

Mövzunun aktuallığından bəhs edən iddiaçı qeyd etdi ki, təhdidləri generasiya edən proqram və ya vasitələrin yaradılmasında, eləcə də tətbiq olunmasında iştirak edən bədniyyətlilərin müəyyən olunması üçün mütəşəkkil həll tətbiq edilməsi yolu olaraq əsasən kiber cinayətkarlıqla mübarizə komandasının təcrübəsinə əsaslanılır. Məruzəçinin sözlərinə görə, operativliyin yüksəldilməsi, insan faktorunun minimallaşdırılması və yeni təhdidlərə uyğun reaksiyanın verilməsi üçün bu prosesin tam və ya qismən intellektuallaşdırılmasına bu problemin əsas həlli yolu kimi baxıla bilər.

B.Nəbiyev dissertasiya işinin məqsədinin şəbəkə mühitində təhdid generasiya edən hadisələrin analizi, onların qarşısının alınması, insidentlərin səbəblərinin aşkarlanması, qiymətləndirilməsi və eləcə də istifadə olunan boşluqların müəyyən olunmasına imkan verən intellektual analiz metod və alqoritmlərin işlənməsi olduğunu bildirdi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, Azərbaycanda fəaliyyət göstərən CERT-lərin assosiasiyasının yaradılaraq ölkəmizdə kibertəhlükəsizliyin zəruri səviyyədə saxlanılması, ölkənin informasiya təhlükəsizliyi mühitinin immunitetinin artırılmasının vacib məsələlərdən olduğunu diqqətə çatdırdı.

“Ölkəmizdə şəbəkə mühitində kiberinsidentlərə qarşı mübarizə aparacaq intellektual imkanlara malik olan institusional bir mühit yaratmağı hədəfləyirik”, - deyə akademik R.Əliquliyev qeyd etdi.

Akademik dissertasiya işi çərçivəsində kibertəhlükəsizliyin yeni bir elmi istiqaməti olan internet-kriminalistika problemlərinin tədqiq olunması, insidentlərin hüquqi, etik və s. baxımdan klassifikasiyasının aparılması, texnoloji infrastrukturun vəziyyətinin qiymətləndirilməsi, burada rast gəlinən boşluqların aşkarlanması, eləcə də onun inkişafı üçün təkliflərin işlənilməsinin nəzərdə tutulduğunu dedi.  

Baş direktor institutda icra olunacaq, mühüm və praktiki elmi problemə həsr olunan dissertasiya işi ilə ölkəmizdə internet-kriminalistika istiqamətinin əsasının qoyulduğunu və kibercinayətkarlığa qarşı mübarizənin institusional, texnoloji platformasının yaradıldığını bildirdi.

R.Əliquliyev bu sahədə kadr hazırlığının həyata keçirilməsinin zəruriliyindən bəhs edib, internet-kriminalistlərin yetişdirilməsinin ölkə üçün böyük əhəmiyyət kəsb edən məsələlərdən olduğunu vurğuladı.

İnstitutun elmi katibi, böyük elmi işçi, dissertant Nərmin Adıgözəlova “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”  mövzusunda dissertasiya işinə dair alınmış nəticələr barədə məlumat verdi. O, müasir elmmetrik qiymətləndirmə sistemlərinin (indekslərinin) analizi, onların çatışmayan cəhətlərinin aşkarlanması, bu çatışmazlıqların aradan qaldırılması üçün yeni indekslərin və metodların təklif edilməsi, mövcud qiymətləndirmə indekslərinə modifikasiya olunmuş yeni variantların təklif edilməsinin işin əsas məqsədi olduğunu bildirdi.

N.Adıgözəlova tədqiqat işində qoyulmuş məsələlərdən danışdı. Bu məqsədlə elmi jurnalların və tədqiqatçıların qiymətləndirilməsi indekslərinin müasir vəziyyətinin analizi, jurnalların qiymətləndirilməsi üçün indekslərin işlənildiyini, elmi tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənildiyini, təklif olunmuş indekslərin eksprimental yoxlanıldığını və digər mövcud indekslərlə müqayisəsinin aparıldığını diqqətə çatdırdı.

Mövzuya dair çıxış edən akademik Rasim Əliquliyev tədbirdə qeyd olunan təkliflər nəzərə alınmaqla dissertasiya işi üzrə aparılan tədqiqatların intensivləşdirilərək yaxın zamanda müdafiə üçün təqdim olunmasını tövsiyə etdi.

Sonra institutun baş mühəndisi Şakir Mehdiyev “Kiberfiziki sistemlərin funksional təhlükəsizliyinin təmin edilməsinin və monitorinqinin mexanizmlərinin işlənməsi” mövzusunda dissertasiya işi üzrə apardığı tədqiqatların məqsədi, aktuallığı, qarşıya qoyulmuş məsələlər, dərc olunmuş məqalələr və s. barədə məlumat verdi.

Bildirdi ki, işin əsas məqsədi kiberfiziki sistemlərin funksionallığının və proseslərin səmərəliliyin artırılması, texnoloji dayanıqlılığı və fasiləsiz fəaliyyətini, ekoloji təhlükəsizliyi, insan həyatının və sağlamlığının qorunmasını, informasiya təhlükəsizliyi təmin etmək məqsədilə kiberfiziki sistemlərin funksional təhlükəsizliyinin monitorinqinin aparılması və mexanizmlərin işlənməsi, elcə də bu sistemdə fiziki parametrlərin ölçülməsinin, verilənlərin informasiyaya çevrilməsinin və emalının intellektual idarə edilməsi üçün üsulların və alqoritmlərin təkmilləşdirilməsidir.

Hər bir iddiaçının dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, bir sıra təkliflər səsləndirildi.

Akademik Rasim Əliquliyev təqdim olunan hər bir dissertasiya işinin aktual problemlərə həsr olunduğunu bildirdi, mövzu üzrə beynəlxalq təcrübənin araşdırılmasının, dərin elmi tədqiqatların aparılmasının daha səmərəli nəticələrin əldə olunması baxımından vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı