İKT-nin tətbiqi ilə şagirdlərin fizika və riyaziyyatdan biliklərinin formalaşdırılması istiqamətində tədqiqatlar aparılır Fevral 07, 2022 | 10:40 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin elmi seminarı keçirilib.

“Zoom” platforması üzərindən baş tutan seminarda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Sonra institutun magistrantı Nərminə Axundova “Python proqramlaşdırma dili vasitəsilə demoqrafik analizlərin aparılması” adlı məruzə ilə çıxış edib. 

O, Python proqramlaşdırma dili haqqında məlumat verib, bu dilin müxtəlif veb-saytlar və proqram təminatı yaratmaq, əməliyyatları avtomatlaşdırmaq və məlumatların təhlilini aparmaq üçün istifadə olunduğunu diqqətə çatdırıb.

Məruzəçi Python-un hazırda “Google”, “Facebook”, “NASA”, “Spotify”, “Netflix”, “Dropbox” və s. kimi nəhəng şirkətlər tərəfindən geniş tətbiq olunduğunu deyib, bu dilin istifadə olunduğu sahələrdən bəhs edib.

N.Axundova tədqiqat zamanı xaricdə təhsil alan məzunların demoqrafik xarakteristikalarının təhlil olunduğunu, Kaggle bazasından götürülmüş dataset əsasında müxtəlif reyestrdə toplanan məlumatların Python mühitində analiz edildiyini vurğulayıb.

Məruzəçi, həmçinin datasetin analizinin mərhələləri, məzunların fərdi və təhsil məlumatlarının strukturu, müxtəlif reyestrdəki məlumatların FİN vasitəsilə inteqrasiyası haqqında məlumat verib, xaricdə təhsil almış məzunların ixtisas seçimlərinin cinslərə, yaşa görə bölgüsünü təqdim edib.

Tədqiqatçı vahid reyestrə inteqrasiya olunmuş fərdlərin məlumatları əsasında COVID-19 pandemiyası şəraitində demoqrafik xarakteristikaların analizinin aparıldığını qeyd edərək COVID-19 virusuna yoluxmuş şəxslərin vəzifələrinə və cinsinə görə, həmçinin yoluxmamış şəxslərin peyvənd olunmalarına, cinsə və yaş aralıqlarına görə, bu virusdan vəfat etmiş şəxslərin xroniki xəstəliklərinə, yaşa və peyvənd olunmasına görə bölgüsünü diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev aparılmış tədqiqatlar zamanı intellektual analizin aparıldığını, elektron demoqrafiya problemlərinin araşdırıldığını, təcrübi biliklərin əldə olunduğunu bildirib.

Daha sonra dissertant Sevinc Şabanovanın 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İnformatikanın tədrisi metodikası) ixtisası üzrə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Müasir informasiya texnologiyalarının tətbiqi ilə şagirdlərin fizika və riyaziyyatdan biliklərinin formalaşdırılmasının səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda dissertasiya işi müzakirə olunub.

S.Şabanova giriş, 2 fəsil, nəticə və ədəbiyyat sıyahısından ibarət dissertasiya işi üzrə 19 elmi işin çap olunduğunu, 3 dərs vəsaitinin işıq üzü gördüyünü diqqətə çatdırıb. Bildirib ki, işin əsas məqsədi yuxarı siniflərdə riyaziyyat və fizika fənlərinin tədrisində yeni informasiya texnologiyalarından istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək, şagirdlərin dərsə marağını artırmaq, yeni laboratoriya dərs modelləri ilə qazanılan bilik və bacarıqların mənimsəmə və keyfiyyət faizlərinin artırılmasına nail olmaqdan ibarətdir.

O, dissertasiya işinin elmi yeniliyindən bəhs edib. Qeyd edib ki, tədqiqat işində ümumtəhsil məktəblərində riyaziyyat, fizika və informatikanın tədrisində informasiya texnologiyalarından istifadə vərdişlərinin formalaşdırılmasının didaktik sistemi işlənib hazırlanmış, texniki və təbiət fənlərinin öyrənilməsində təlimin informasiya texnologiyalarının təsnifatı və tipologiyası aparılmış, ilk dəfə olaraq müasir proqram paketləri daxil edilərək riyaziyyat, fizika və informatika dərsləri üçün proqram paketlərindən kurikulum tələblərinə uyğun dərs nümunələri hazırlanmış, elektron mənbələrdən istifadə etməklə riyaziyyat, fizika və informatikadan laboratoriya işlərinin modeli işlənib hazırlanmışdır.

Akademik R.Əliquliyev bu gün təhsil sistemində tələbələri praqmatik biliklərə hazırlamaq, onlara bu bilikləri aşılamaq və qısa bir müddət ərzində vətəndaşı “texnoloji  vətəndaşa” çevirməyin vacibliyindən danışıb. Akademik rəhbərlik etdiyi institutun bu gün ölkəmizdə təhsil sistemində informasiya-kommunikasiya texnologiyaların tətbiqi ilə bağlı biliklərin tədrisi, bu sahədə kadrların hazırlanması, yeni texnoloji biliklərin təhsil mühitinə ötürülməsi və digər istiqamətində görülən işlərə dəstək verməyə hər zaman hazır olduğunu bildirib.

R.Əliquliyev dissertasiya işində optimal olaraq məqsədə çatmaq üçün resurslardan səmərəli istifadə etmək və onu minimallaşdırmağın zəruri olduğunu qeyd edib.

Sonda geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı