“Böyük verilənlər üçün istifadə olunan proqramlaşdırma dillərinin təhlili və tətbiqi” mövzusunda məruzə dinlənildi Dekabr 13, 2021 | 04:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nun (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “Süni intellekt və maşın təlimi” bölməsində “Böyük verilənlər üçün istifadə olunan proqramlaşdırma dillərinin təhlili və tətbiqi” adlı məruzə ilə çıxış edib.

O, öncə sənaye inqilabları haqqında məlumat verərək bildirib ki, sənaye inqilabı  dedikdə  XVIII-XIX əsrlərdə dünyanın aparıcı ölkələrində baş verən əl əməyindən maşına, manufakturadan fabrikə kütləvi keçid və s. başa düşülür. Sənaye inqilabı 18-ci əsrin sonunda İngiltərədə başlamış və 19-cu əsrin birinci yarısında Avropa və Amerikada vüsət almışdır.

Dördüncü sənaye inqilabı haqqında danışan məruzəçi Sənaye 4.0-ın tamamilə avtomatlaşdırılmış rəqəmsal istehsala keçid olduğunu, idarə olunan intellektual sistemlər tərəfindən real zaman rejimində xarici mühitlə daima qarşılıqlı təsirdə olduğunu qeyd edib: “Dördüncü sənaye inqilabı özündə qeyri-sabit artımın və dünya sistemlərinin mümkün risklərini aparır, bununla əlaqədar onun gəlməsi çağırış kimi qəbul edilir”.

Tədqiqatçı diqqətə çatdırıb ki, dördüncü sənaye inqilabının ən əhəmiyyətli elementlərindən birinə şəbəkə vasitəsilə məlumatların simsiz ötürülməsi – İnternet aiddir. Bildirib ki, dördüncü sənaye inqilabı adətən əsas texnologiyalar vasitəsilə təsvir edilir. Onlardan biri də böyük verilənlər (Big Data) texnologiyasıdır.

Sonra Ş.Mahmudova böyük verilənlərin texnologiyalarından bəhs edib. Söyləyib ki, bu texnologiyalar eyni vaxtda müxtəlif tipli verilənləri emal etməyə imkan verir. Adi verilənlərlə böyük verilənlərin fərqini izah edən məruzəçi diqqətə çatdırıb ki, böyük verilənlərin həcmi terabaytdan başlayır:

“Böyük verilənlər böyük və mürəkkəb verilənlər yığımlarının məcmusu kimi təyin edilir və ondan məlumat bazalarının idarə edilməsi, eləcə də məlumatların işlənməsi üçün ənənəvi proqramlardan  istifadə etdikdə çətinlik yaranan zaman istifadə olunur. Bundan başqa, ABŞ-ın bir çox ştatlarındakı universitet və aeroportlarda biometrik texnologiyalar sahəsində böyük verilənlərdən insanların tanınmasında istifadə olunur”.

Daha sonra o, böyük məlumatlarla işləmək üçün əsas prinsipləri, böyük verilənlər üçün istifadə olunan proqramlaşdırma dilləri, analiz metodları haqqında ətraflı məlumat verib. Bildirib ki, böyük məlumatlarla işləmək üçün əsas prinsiplərə üfüqi miqyaslılıq, qəzalara dözümlülük və məlumatların yerləşməsi aiddir.

Böyük verilənlər üçün istifadə olunan proqramlaşdırma dillərindən bəhs edən tədqiqatçı qeyd edib ki, ölçülən məlumatların həcminə əsasən R, Python, Scala və Java proqramlaşdırma dillərindən  istifadə edilməlidir.

“Strateji idarəetmə ilə bağlı problemlərin həllində ixtisaslaşmış beynəlxalq konsaltinq şirkəti “McKinsey” böyük məlumatlara tətbiq olunan 11 metod və analiz metodlarını müəyyənləşdirir: Data Mining sinifinin metodları, crowdsourcing, məlumatların birləşdirilməsi və inteqrasiyası, maşın öyrətməsi, süni neyron şəbəkələr, surətlərin tanınması , proqnozlaşdırılan analitika, imitasiya, məkan analizi,  statistik analiz, analitik məlumatların vizuallaşdırılması”.

Sonda məruzəçi böyük məlumatlarla işləmək üçün yeni metodların lazım olduğunu izah edən digər meyarların müxtəliflik, yığım və emal sürəti olduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı