Vahid əhali reyestri verilənləri əsasında sosio-demoqrafik analizlər aparılıb Dekabr 15, 2021 | 04:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və magistrant Nərminə Axundovanın həmmüəllifi olduqları “Vahid əhali reyestri verilənləri əsasında sosio-demoqrafik analizlərin aparılması” mövzusunda elmi-tədqiqat işi Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) təqdim olunub.

Mövzuya dair çıxış edən N.Axundova bildirib ki, əhali reyestrləri dərin demoqrafik tədqiqatların aparılması üçün yeni imkanlar təqdim edir. Demoqrafik proseslərin idarə edilməsi, demoqrafik davranışların araşdırılması, demoqrafik tədqiqatların aparılması üçün əhali reyestri əsasında vahid sistemin yaradılması aktual məsələlərdən biridir.

Məruzəçi tədqiqat çərçivəsində əhali reyestri sisteminin yaradılması sahəsində mövcud beynəlxalq təcrübənin araşdırıldığını, vahid əhali reyestrinin yaradılması istiqamətində aparılan tədqiqatların vəziyyətinin analiz olunduğunu diqqətə çatdırıb. Eksperimental qiymətləndirmə üçün vahid reyestrə inteqrasiya olunmuş şəxslərin məlumatları əsasında COVID-19 pandemiyası şəraitində demoqrafik xarakteristikaların analiz edildiyini söyləyib. Qeyd edib ki, koronavirus pandemiyası demoqrafik tədqiqatlar üçün statistik metod və mənbələrin genişləndirilməsini, o cümlədən e-reyestrlər kimi administrativ verilənlərin istifadəsinin vacibliyini bir daha aktuallaşdırmışdır. Qabaqlayıcı tədbirlərin görülə bilməsi üçün ölkədə elektron tibbi demoqrafiya sisteminin olması bütün tibb müəssisələrinin və əhalinin böyük əksəriyyətinin əhatə olunmasına kömək edəcəkdir.

“Tədqiqat işində şəxslər haqqında məlumatlar iki ayrı reyestrdə (əhali və səhiyyə reyestrləri) götürülmüş hipotetik verilənlərdir. Vahid reyestrə inteqrasiya olunan 1000 şəxslə bağlı dataset analiz edilmişdir. Bu dataset-lərdən əhalinin fərdi və sağlamlıq haqqında olan məlumatları toplanmışdır. Dataset-də hər bir şəxsin fərdi identifikasiya nömrəsi, cinsi, yaşı, vəzifəsi, ailə üzvlərinin sayı, milliyyəti, xroniki xəstəliyinin, o cümlədən şəkərli diabetinin, bronxial astmasının olub-olmaması, COVID-19-a yoluxan, yoluxub sağalan, bu virusdan vəfat edən şəxslər haqqında məlumatlar mövcuddur. Aparılmış eksperimentdə COVID-19 pandemiyası şəraitində demoqrafik xarakteristikalar analiz edilmişdir”, – deyə N.Axundova bildirib.

O, gələcək tədqiqatlarda sosio-demoqrafik analizlərin daha geniş aspektdə, müxtəlif sahələr üzrə aparılacağını və böyük verilənlərin intellektual analizi məsələlərinin də nəzərdən keçiriləcəyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı