İnstitutda Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş toplantı keçirildi Noyabr 30, 2021 | 03:43 / Konfranslar, iclaslar

Bütün dünya ictimaiyyəti hər il noyabrın 30-da Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününü qeyd edir. Bu günün keçirilməsində əsas məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan problemlərin işıqlandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələlərinə cəlb edilməsi, bu istiqamətdə aparılan tədqiqatlar və əldə olunan  nailiyyətlər barədə hesabatların təqdim edilməsidir.

Hər ilin bu günü AMEA-nın müxtəlif qurumlarında, eləcə də İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin aktual elmi problemlərinə həsr olunmuş tədbirlər keçirilir.

İnformasiya Texnologiyaları İnstitutunda bu il də Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş toplantı keçirildi. Onlayn tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı meydana çıxan müxtəlif təhlükələr haqqında məlumatların paylanması onlara qarşı müəyyən tədbirlərin görülməsini zəruri etmişdir.  Akademikin fikrincə, bu, bir ölkənin imkanı və gücü xaricində olduğu üçün həmin təhlükələrə qarşı beynəlxalq səviyyədə mübarizə aparmaq məqsədilə müəyyən hüquqi, texnoloji və digər kompleks tədbirlərin görülməsi, kadr hazırlığı, biznes şirkətlərinin, beynəlxalq təşkilatların diqqətinin mövcud problemlərə cəlb edilməsi, yeni baxışların ortaya qoyulması tələbi meydana çıxmışdır.

Alim son zamanlar texnoloji sistemlərin, kritik infrastrukturların, eləcə də cəmiyyətdə süni intellekt, Big data texnologiyaları, kiberfiziki sistemlərin geniş tətbiq olunmasının yeni reallıqlar yaratdığını diqqətə çatdırdı. Bu səbəbdən sistemlərə olan bütün təhlükələrin lokal deyil, qlobal xarakter daşıdığını söylədi.

Ölkəmizdə də informasiya təhlükəsizliyi problemləri və onların həllinə böyük həssaslıqla yanaşıldığını deyən akademik dövlət tərəfindən bu sahədə müəyyən addımların atıldığını, milli strategiya layihəsinin hazırlandığını qeyd etdi, həmin prosesdə rəhbərlik etdiyi elmi müəssisənin fəal iştirak etdiyini vurğuladı.

AMEA-nın vitse-prezidenti Azərbaycanın elmi-tədqiqat müəssisələri və ali məktəblərində  informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı müxtəlif tədqiqatların aparıldığını, son zamanlar süni intellekt texnologiyalarının təhlükəsizliyi məsələsinin xüsusilə aktuallaşdığını bildirdi. Qeyd etdi ki, artıq ölkəmizdə bu məsələ ilə bağlı müəyyən qurumlar formalaşır, kadrlar yetişdirilir, yeni baxışlar ortaya qoyulur.

Natiq süni intellekt texnologiyalarının cəmiyyətin bütün sferalarında geniş tətbiqi fonunda bu texnologiyaların insan cəmiyyətinə, müəyyən infrastrukturlara, texnoloji sistemlərə, müxtəlif sənaye obyektlərinə böyük təhlükələr yaratdığını da nəzərə çatdırdı.  

İnformasiya Texnologiyaları İnstitutunun prioritet elmi istiqamətləri arasında kibertəhlükəsizlik məsələsinin xüsusi yer tutduğunu vurğulayan baş direktor söylədi ki, bu yaxınlarda NATO-nun dəstəyi ilə keçirilmiş beynəlxalq konfransda kibertəhlükəsizliyin ən aktual problemləri ilə bağlı aparılmış tədqiqatların nəticələri müzakirə olunmuşdur.

Akademik diqqətə çatdırdı ki, institutun əsas məqsədi təkcə kibertəhlükəsizlik sahəsində tədqiqatlar aparmaq və məqalə çap etdirmək deyil:

“Biz eyni zamanda cəmiyyətə müntəzəm olaraq bu sahədə baş verən yeniliklər, əldə olunan nailiyyətlərlə bağlı məlumatlar verməliyik. İnstitutun əməkdaşları kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə  cəmiyyətin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi ilə bağlı çıxışlar etməli, biliklərini populyarlaşdırmalı, kibertəhlükəsizlik mədəniyyətinin formalaşması ilə bağlı maariflənmdirmə işləri aparmalıdırlar”.

Son illər ərzində institutun kibertəhlükəsizlik sahəsində çox sayda yüksək keyfiyyətli elmi məqalələrinin tanınmış beynəlxalq jurnallarda çap olunduğunu, seminar və konfransların keçirildiyini, kadr hazırlığı məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildirdi.

“İnformasiya Texnologiyaları İnstitutu kibertəhlükəsizliyin  müxtəlif aspektləri ilə bağlı tədqiqatlar aparır, eləcə də ölkəmizdə kibertəhlükəsizlik sahəsində siyasətin formalaşmasında və bu siyasətdən irəli gələn vəzifələrin həyata keçirilməsində fəal iştirak edir”, - deyə akademik əlavə etdi.

R.Əliquliyev toplantıda institutun kibertəhlükəsizliklə bağlı tədqiqatlar aparan alim və mütəxəssislərinin əldə etdikləri nailiyyətlər, mövcud problemlər və perspektivdə görüləcək işlərə dair məruzələrlə çıxış edəcəklərini diqqətə çatdırdı.

Sonra toplantıda AzScienceNet Şəbəkə İdaretmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Industry 4.0 çağırışları kontekstində kiberinsidentlərin intellektual analizi problemləri və həlli perpektivləri”, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyinin monitorinqi”  aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün İerarxik gizli Markov modelinə əsaslanan yanaşma” institutun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Bulud xidmətlərinə olan kiberhücumların aşkarlanması üçün əlamətlərin ranklaşdırılması üsulu”, institutun magistrantı Rəşad İbrahimov isə “Pilotsuz uçuş aparatlarının audio və vizual əlamətlər əsasında aşkarlanması üsulları” mövzusunda məruzələrlə çıxış etdilər.

Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı, hər bir çıxışa dair geniş fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı