IV sənaye inqilabının platforması əsasında Milli radiasiya təhlükəsizliyinin monitorinqi sisteminin konsepsiyası işlənilir Noyabr 10, 2021 | 03:32 / Konfranslar, iclaslar

Azərbaycanın coğrafi mövqeyinin və iqtisadi inkişafının spesifik xüsusiyyətləri, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin böyük bir hissəsini əhatə etməsi ikili təyinatlı nüvə materiallarının, o cümlədən radioaktiv maddələrin daşınması ehtimalını artırır. Bu da öz növbəsində, ölkəmizdə radiasiya təhlükəsizliyinin təmin edilməsi məsələsini aktuallaşdırır.

AMEA İnformasiya Texnologiyaları İnstitutu və AMEA Radiasiya Problemləri İnstitutu əməkdaşlarının iştirakı ilə onlayn toplantı keçirilib. Toplantıda Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, Radiasiya Problemləri İnstitutunun əməkdaşı, Ətraf mühit üçün zərərli faktorların fizika və kimyası laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov, eləcə də hər iki qurumdan olan digər məsul şəxslər və radiasiya təhlükəsizliyi üzrə mütəxəssislər iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd Azərbaycanda IV sənaye inqilabının platforması əsasında Milli radiasiya təhlükəsizliyi monitorinqi sisteminin konsepsiyasının işlənilməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlərin müəyyənləşdirilməsi, eləcə də iki institut arasında müvafiq istiqamətdə birgə fəaliyyətin təşkilinə dair müzakirələrin aparılması idi.

Tədbirdə İ.Mustafayev çıxış edərək radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə kompleks multidissiplinar tədqiqatların aparılmasının, İnformasiya Texnologiyaları İnstitutu ilə birgə radiasiya təhlükəsizliyinin monitorinqi sisteminin konsepsiyasının işlənilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu söyləyib.  

Baş direktorun sözlərinə görə, son 20 ildə Azərbaycan tədqiqatçıları regionda radiasiya təhlükəsizliyi probleminin tədqiqinə ardıcıl və sistemli şəkildə yanaşmışlar. Ölkə ərazisinin ayrı-ayrı sahələrində radiasiya fonu ölçülmüş, “qaynar nöqtə”lər müəyyənləşdirilmiş və məhv edilməsi işləri aparılmış, radioizotopların elmi-tədqiqatlarda və müalicə-steririlizasiya işlərində geniş tətbiq olunmağa başlanılmış, transsərhəd çaylarda və kömrük-sərhəd məntəqələrində radiasiya monitorinqi cihazları quraşdırılmışdır.

“Radiasiya təhlükəsizliyi ölkənin təhlükəsizliyinin tərkib hissəsidir”, - deyən alim insanların yaşadığı ərazilərdə radiasiya fonunun ölçülməsinin son dərəcə vacib olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yaşayış binaları, xəstəxanalar, uşaq bağçaları və s. sosial infrastrukturların qurulması zamanı həmin ərazilərin radiasiya fonuna xüsusi diqqət yetirilməlidir.

İ.Mustafayev bildirdiyinə görə, radiasiya təhlükəsizliyi sahəsində daha səmərəli elmi tədqiqatların həyata keçirilməsi məqsədilə xarici ölkələrdən Azərbaycana müasir qurğular da gətirilib.

Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsinin alimlər qarşısında duran əsas vəzifələdən olduğunu deyən baş direktor,  rəhbərlik etdiyi institutda radiasiya təhlükəsizliyi sahəsində zəngin təcrübənin formalaşdığını, uzun illərdir ki, müvafiq istiqamətdə tədqiqatların aparıldığını, yüksəkixtisaslı alim və mütəxəssislərin yetişdiyini deyib.

İ.Mustafayev İnformasiya Texnologiyaları İnstitutunun alimləri tərəfindən tərəfindən Milli radiasiya təhlükəsizliyinin monitorinqi sisteminin konsepsiyasının işlənilməsi ideyasının irəli sürüldüyünü vurğulayıb.  Bu layihənin reallaşdırılması istiqamətində görüləcək işlərdən bəhs edərək, bir neçə il ərzində ölkə üzrə bütün nöqtələrdən məlumatların alınması, digər müvafiq təşkilatlarda radiasiya təhlükəsizliyi ilə bağlı aparılan tədqiqatların nəticələrinin və Azərbaycanda radiasiya fonunun ölçülməsi ilə bağlı mövcud olan interaktiv xəritələrin əldə olunmasının nəzərdə tutulduğunu bildirib:

“İlk növbədə bütün məlumatlar dəqiq ölçülməli, sonrakı mərhələdə əldə olunan informasiya operativ şəkildə müəyyən bir mərkəzə ötürülməli, məlumat bazası yaradılmalı və əhalinin yaşadığı yerlərdə radiasiya fonunun hansı dərəcədə olması ilə bağlı məlumatlara əlyetərliyi təmin edilməlidir”.

O, həmçinin qeyd edib ki, 30 il nəzarətsiz qalmış və artıq erməni işğalından azad olunmuş ərazilərimizdə infrastrukturun yenidən qurulması təhlükə amillərinin, o cümlədən radiasiya risklərinin aradan qaldırılmasını daha da zəruri edir.

Alim, iki institut tərəfindən AR Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunmuş layihə haqqında da məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərin monitorinqinin aparılması, lazımi məlumatların əldə edilməsi və müəyyən bir bazaya daxil edilməsini nəzərdə tutan sistemin qurulmasıdır.

R.Ələkbərov öz çıxışında AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 27 iyul 2021-ci il tarixli ümumi yığıncağında Milli radiasiya təhlükəsizliyinin monitorinqi sisteminin konsepsiyasının işlənilməsi, radiasiya risklərinin idarə olunması mexanizminin işlənilməsinin qərara alındığını nəzərə çatdırıb.

O, Milli radiasiya təhlükəsizliyinin monitorinqi sisteminin qurulmasında IV sənaye inqilabının trendləri olan Big Data analitikası, süni intellekt, Əşyaların İnternetinin tətbiqinin mühüm rola malik olduğunu da qeyd edib.

Daha sonra toplantıda radiasiya təhlükəsizliyi sahəsində ölkə miqyasında onlayn monitorinq sisteminin yaradılması, radiasiya fonunun ölçülməsi, eləcə də ölçmələr zamanı istifadə olan cihaz və avadanlıqların, radiometrlərin iş prinsipinə dair ətraflı müzakirələr aparılıb. Radiasiya təhlükəsizliyinin monitorinqi sisteminin yaradılması istiqamətində təkliflər irəli sürülüb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı