İnstitutda AMEA Mərkəzi Elmi Kitabxananın əməkdaşları üçün treninq keçirildi Oktyabr 20, 2021 | 04:25 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsində treninq keçirildi. Tədbirdə şöbənin məsul şəxsləri, AMEA Mərkəzi Elmi Kitabxanası, eləcə də AMEA-nın digər elmi tədqiqat institutlarının kitabxanalarından olan əməkdaşlar iştirak edirdilər.

Öncə institutun kiçik elmi işçisi Firudin Əsgərov çıxış edərək, Elmi informasiya və elmmetriya şöbəsinin Elektron kitabxana xidmətləri, Elmmetrik tədqiqatlar, Antiplagiat və DOI xidmətləri sektorları haqqında ətraflı məlumat verdi.

Elektron kitabxana xidmətləri sektoru barədə danışan məruzəçi kitabxanada “Exlibris” şirkətinə məxsus Alephino Kitabxana İdarəetmə Sistemindən (KİS) istifadə olunduğunu bildirdi. Qeyd etdi ki, İntellektual İnformasiya Xidməti Sistemi əməkdaşların elmi işlərinin siyahısını əks etdirir, Konfranslar İnformasiya Sistemində isə konfrans materialları yerləşdirilir. Təhlükəsizliyin təmin olunması, bu sistemlərdən 7/24 rejimində, zaman və məkandan asılı olmayaraq istifadə üçün kitabxananın serveri AzScienceNet elm kompüter şəbəkəsində yerləşdirilmişdir. İnformasiya resursları ABŞ Konqres kitabxanası təsnifat sistemi ilə təsnifatlaşdırılır və kitabxanada “3M” şirkətinin sistem və avadanlıqları (SelfCheck, Workstation Pad, Security Gates) tətbiq olunur.

O, həmçinin əməkdaşların İntellektual İnformasiya Xidməti və Alephino KİS üzrə statistik göstəricilərini təqdim etdi. 

Elmmetrik tədqiqatlar sektoru haqqında məlumat verən F.Əsgərov bildirdi ki, jurnalların qiymətləndirilməsi (jurnalogiya, nəşriyyat etikası), institutun İnformasiya Texnologiyaları Problemləri və İnformasiya Cəmiyyəti Problemləri elmi jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri, “Elmmetriya saatı” interaktiv seminarlarının təşkili, məqalələrin nəşri üçün seçilmiş jurnalların etibarlı və ya “yırtıcı” olmasının müəyyən edilməsi, “yırtıcı” və “oğurlanmış” jurnalların aşkarlanması ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi bu sektorun əsas fəaliyyət istiqamətləridir.

Məruzəçinin sözlərinə görə, Antiplagiat və DOI xidmətləri sektorunda isə antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi, elmi nəşrlərə DOI-lərin alınması və digər xidmətlərin göstərilməsi ilə bağlı “Crossref” şirkəti ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində işlər görülür.

Sonra çıxış edən Elmi informasiya və elmmetriya şöbəsinin rəhbəri Mədinə Səidova cari ilin sentyabr ayında Rusiyanın Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” XVI beynəlxalq elmi-texniki konfransı və digər tədbirlərin keçirildiyini bildirdi. Hər il olduğu kimi, bu il də institut əməkdaşlarının müəllifi olduğu bütün konfrans materiallarının elektron kitabxanada yerləşdiriləcəyini qeyd etdi.

M.Səidova əməkdaşların zəruri elmi informasiya ilə təmin edilməsinin institutun fəaliyyətinin əhəmiyyətli istiqamətlərindən biri olduğunu söylədi. Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirildiyini, elektron kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün ən son texnologiyaların quraşdırıldığını nəzərə çatdırdı.

Sonra ətraflı fikir mübadiləsi aparıldı, F.Əsgərov treninq iştirakçılarının suallarını cavablandırdı.

Daha sonra Mərkəzi Elmi Kitabxananın əməkdaşları institutun AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzi ilə yaxından tanış oldular. Mühəndis-proqramlaşdırıcı Səməd Dursunov AzScienceNet-in fəaliyyəti haqqında ətraflı məlumat verərək, şəbəkənin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söylədi. O, Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs etdi, burada hesablama və yaddaş resurslarından istifadə yolu ilə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğuladı. Bildirdi ki, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil qurumları da institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı