“Azərbaycanda bimodal elektron universitetin intellektual idarə olunması üçün model və metodların işlənməsi” mövzusunda dissertasiya işi müdafiə olundu Sentyabr 28, 2021 | 03:59 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının növbəti onlayn iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan şuranın sədri AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev iclasın institutun dissertantı Hüseyn Qasımovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi “Azərbaycanda bimodal elektron universitetin intellektual idarə olunması üçün model və metodların işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu nəzərə çatdırdı.

Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Sonra H.Qasımov çıxış edərək dissertasiya işinin giriş, 4 fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, dissertasiya işi çərçivəsində 8 məqalə, 9 konfrans materialı, 1 metodik vəsait hazırlanmışdır. Məqalələrdən 1-i nüfuzlu beynəlxalq “Scopus” bazasında indeksləşən jurnalda, digərləri AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə uyğun məcmuələrdə çap olunmuşdur.

O, tədqiqatın aktuallığından söz açaraq, informasiya cəmiyyətinin formalaşması, informasiya texnologiyalarının, dünya təhsil sisteminin və metodoloji mühitin inkişafı şəraitində təhsilin virtuallaşması prosesinin qaçılmazlığı, ənənəvi təhsildən virtual təhsilə keçidin vacibliyinin dissertasiya işinin aktuallığını şərtləndirən amillər olduğunu bildirdi. Təhsilin bu formasının əvvəlki formaların ən yaxşı xüsusiyyətlərini özündə birləşdirdiyini və müasir informasiya telekommunikasiya texnologiyalarından istifadə etməklə, keyfiyyətli təhsil prosesini təşkil etməyə imkan verdiyini söylədi.

İddiaçı qeyd etdi ki, bimodal e-universitetin virtual təhsil mühitinin intellektual idarə olunması model, metod və instrumental vasitələrinin işlənilməsi tədqiqat işinin əsas məqsədidir.

H.Qasımov dissertasiya işinin elmi yeniliklərini seminar iştirakçılarının nəzərinə çatdıraraq söylədi ki, Azərbaycan təhsil mühiti üçün bimodal e-universitetin fəaliyyət konsepsiyası işlənilmişdir. Bimodal e-universitetdə təhsil mühitinin intellektual idarə olunmasını təmin edən arxitektur komponentlər və onlar arasındakı qarşılıqlı münasibətlər təyin edilmişdir. Təhsilin personalizasiyası kontekstində öyrənənin “start” biliklərinin qiymətləndirilməsi və bilik səviyyəsinə daha uyğun olan ixtisasa yönləndirilməsi model və metodu, fərdiləşdirilmiş təhsil mühitində öyrənənin fərdi təhsil trayektoriyasının təyin olunması metodları, qlobal təhsil resurslarından öyrənənin bilik səviyyəsinə uyğun kontentlərin seçilməsi, biliklərin qiymətləndirilməsi və təhsilin intellektual idarə edilməsi metodları işlənilmişdir. E-universitetdə Fərdi Təhsil Trayektoriyasının İntellektual İdarə edilməsi Sisteminin arxitektur-texnoloji modeli və proqram paketi reallaşdırılmışdır.

İddiaçının sözlərinə görə, dissertasiya işində təqdim olunan alqoritmlər əsasında hazırlanmış instrumental vasitələr Naxçıvan Dövlət Universitetində tətbiq edilmişdir. Əldə olunmuş nəzəri və praktiki nəticələri digər ali təhsil müəssisələri üçün də konkret prosedurlar şəklində reallaşdırmaq mümkündür.

Sonra dissertasiya işinə dair təyin olunan rəsmi opponentlər – texnika elmləri doktoru, professor Səlahəddin Yusifov, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova və texnika üzrə fəlsəfə doktoru Məmməd Aslanov çıxış edərək, dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər. Tədqiqatın AAK tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, təklif və iradlarını səsləndirdilər.

Daha sonra dissertasiya işi ətrafında geniş fikir mübadiləsi aparıldı. İddiaçı çoxsaylı sualları cavablandırdı.

Müzakirələrdə çıxış edən texnika elmləri doktoru, professor Ələkbər Əliyev, texnika elmləri doktoru, professor Nadir Ağayev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov tədqiqat işini yüksək qiymətləndirərək, əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər.

Akademik Rasim Əliquliyev çıxış edərək, dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, beynəlxalq təcrübənin öyrənildiyini, mühüm elmi nəticələrin əldə olunduğunu, problemin həlli üçün yeni yanaşmaların ortaya qoyulduğunu nəzərə çatdırdı, gərgin əməyin nəticəsi olan tədqiqat işini yüksək qiymətləndirdi. Alim gələcəkdə də elektron universitetin intellektual idarə olunması istiqamətində fundamental tədqiqatların aparılmasının vacibliyini önə çəkdi, təklif və tövsiyələrini səsləndirdi.

Daha sonra dissertasiya işi üzrə elmi rəhbər – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova çıxış etdi. Alim iddiaçının tədqiqat zamanı qarşıya qoyulan məsələləri uğurla həll etdiyini, işin həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdi. Elmi rəhbər işin yüksək səviyyədə yerinə yetirildiyini, AAK-ın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini və iddiaçının dissertasiya işinin müdafiəyə tövsiyə olunduğunu söylədi.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli elektron səsvermə keçirildi və H.Qasımova texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı