“Elektron dövlət-vətəndaş platformasında məlumatların intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi müdafiə olundu Sentyabr 27, 2021 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının növbəti onlayn iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan şuranın sədri AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Dissertasiya şurasının üzvü, texnika elmləri doktoru, professor Faiq Abdullayevin yaxın zamanda vəfat etdiyini bildirdi. Avtomatika və informatika sahələrində böyük xidmətləri olmuş, bir çox alimlərin yetişməsində mühüm rol oynamış görkəmli elm xadiminin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Akademik R.Əliquliyev iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Günay İskəndərlinin 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Elektron dövlət-vətəndaş platformasında məlumatların intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu diqqətə çatdırdı.

Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Sonra iddiaçı G.İskəndərli dissertasiyanı təqdim edərək, mövzunun aktuallığı, tədqiqatın məqsədi və elmi yeniliyini, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Qeyd etdi ki, dissertasiya işi giriş, 4 fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Mövzu üzrə 6 məqalənin (onlardan 3-ü “Web of Science” bazasında indeksləşən məcmuələrdə, 3-ü AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə uyğun digər jurnallarda), həmçinin beynəlxalq və respublika səviyyəli konfransların materiallarında 7 məqalənin, 1 ekspres-informasiyanın çap olunduğunu bildirdi.

İnternet və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə e-dövlətin göstərdiyi xidmətlərin səmərəsinin yüksəldilməsi, cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində aktiv iştirakının təmin edilməsi, e-dövlətin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, e-dövlətdə gizli fəaliyyət göstərən müxtəlif məqsədli sosial şəbəkələrin aşkarlanması, e-vətəndaşların məmnunluğunun təmin olunması, o cümlədən e-vətəndaşların və regionların əsas maraq dairələrinin müəyyən olunmasının zəruriliyindən söz açan məruzəçi bu baxımdan tədqiqat mövzusunun aktual olduğunu nəzərə çatdırdı.

G.İskəndərli bildirdi ki, dissertasiya işinin məqsədi e-dövlətin təhlükəsizlik səviyyəsinin və elektron mühitdə göstərilən xidmətlərin səmərəsinin, keyfiyyətinin yüksəldilməsi üçün sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə dövlət-vətəndaş münasibətlərinin analizi, bu mühitdə səmərəli qərarların qəbulunu dəstəkləyən sistemlər üçün yeni yanaşmalar, metod və alqoritmlərin təklif edilməsidir.

O, dissertasiya işində əldə olunmuş elmi nəticələri təqdim edərək, tədqiqat zamanı e-dövlətin analizində sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının rolunun araşdırıldığını, o cümlədən e-dövlətə qoyulan tələblər və onun inkişafına yanaşmaların, e-dövlətin inkişafının və analizinin əsas problemlərinin müəyyən olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, e-dövlətdə terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu, e-dövlətdə fəaliyyət göstərən gizli sosial şəbəkələrin aşkarlanması və analizi üçün sentiment analiz texnologiyasına əsaslanan metod və alqoritm, e-dövlət xidmətlərindən vətəndaş məmnuniyyətinin avtomatik qiymətləndirilməsi üçün metod işlənmişdir.

Daha sonra dissertasiya işinə dair təyin olunan rəsmi opponentlər – texnika elmləri doktoru, professor Nadir Ağayev, texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova və texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev işi yüksək qiymətləndirərək əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın AAK tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, eləcə də irad və təkliflərini səsləndirdilər.

Dissertasiya işi üzrə elmi rəhbər – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək, mövzunun aktuallığını önə çəkdi. Alim iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdi. Elmi rəhbər işin yüksək səviyyədə yerinə yetirildiyini, AAK-ın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini və iddiaçının dissertasiya işinin müdafiəyə tövsiyə olunduğunu söylədi.

Daha sonra dissertasiya işi ətrafında müzakirələr aparıldı. İddiaçı çoxsaylı sualları cavablandırdı.

Müzakirələrdə texnika elmləri doktoru, professor Ələkbər Əliyev, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor Əli Abbasov, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika elmləri doktoru Mütəllim Mütəllimov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev çıxış edərək, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını və əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər.

Akademik Rasim Əliquliyev çıxış edərək, təqdim olunan dissertasiya işinin elektron dövlətin formalaşması və inkişaf etdirilməsi, onun təhlükəsizliyinin təmin olunması istiqamətində mövcud problemlərin həll olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı. Qeyd etdi ki, ölkədə bu kimi əsaslı tədqiqatların aparılması və tətbiq sahələrinə yönəldilməsi təqdirəlayiq haldır. Bu sahədə mühüm elmi nəticələrin əldə olunması Azərbaycan elminin, AMEA-nın və İnformasiya Texnologiyaları İnstitutunun nailiyyəti hesab edilə bilər.

“Elektron dövlətin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi, elektron dövlət mühitində virtual məkanın milli seqmentinin təhlükəsizliyinin təmin oluması üçün elmi dəstəyə, yeni elmi yanaşmalara ehtiyac vardır”, – deyə bildirən R.Əliquliyev sözügedən tədqiqat işinin ölkəmizdə formalaşan, yüksək texnologiyalara əsaslanan cəmiyyətin elmi təminatına, mövcud elmi problemlərin həllinə böyük töhfə olduğunu bildirərək, dissertasiyanı yüksək qiymətləndirdi.

Alim gələcəkdə də elektron dövlətin müxtəlif aspektləri, cəmiyyətin informasiyalaşdırılması sahəsində mövcud çoxsaylı problemlərin həlli, ölkəyə qarşı yönəldilmiş təhlükələrə qarşı elektron dövlətin “immuniteti”nin yaradılması istiqamətində fundamental tədqiqatların aparılmasının vacibliyini önə çəkdi, təklif və tövsiyələrini səsləndirdi.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli elektron səsvermə keçirildi və G.İskəndərliyə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı