Doktorant və dissertantların elmi fəaliyyətinin monitorinqi davam etdirilir İyul 23, 2021 | 11:28 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək seminarın institutun bir qrup doktorant və dissertantının elmi fəaliyyətinin monitorinqi ilə bağlı müzakirələrə həsr olunduğunu söylədi.

Sonra institutun baş mütəxəssisi Tamilla Bayramova “Proqram təminatının etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işi haqqında məlumat verdi. Bildirdi ki, mürəkkəb proqram sistemləri nəqliyyat, rabitə, enerji, iqtisadiyyat, müdafiə və s. sahələrdə tətbiq edilir. Proqram təminatında olan səhvlər vaxt itkisinə, əlavə xərclərə və s. səbəb olur. Məhz bu səbəbdən səhvlərin ilkin mərhələlərdə aşkar edilməsi və proqram təminatının etibarlılığının təmin edilməsi üçün yeni metod və alqoritmlərin işlənilməsi aktual məsələlərdəndir.

O, proqram təminatlarının etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsinin dissertasiya işinin əsas məqsədi olduğunu diqqətə çatdırdı.

T.Bayramova qeyd etdi ki, proqram mühəndisliyi sahəsində mövcud vəziyyətin analizi, proqram təminatının etibarlılığına təsir edən amillərin araşdırılması, proqram təminatını işləyən qrupun idarə edilməsi üçün metrikanın işlənilməsi, proqram kodunun mürəkkəbliyinin hesablanması üçün yeni hibrid metodun işlənilməsin dissertasiya işində qarşıya qoyulmuş əsas məsələlərdir.

O, həmçinin tədqiqat işi çərçivəsində 7 məqalənin nəşr olunduğunu, bir neçə məqalənin hazırlanma mərhələsində olduğunu dedi.

Sonra institutun kiçik elmi işçisi Elşən Bağırov “Zərərli proqram təminatının  aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənməsi” adlı dissertasiya işinin icra vəziyyəti barədə danışdı. Qeyd etdi ki, son onillikdə informasiya texnologiyalarına dayanan əməliyyatlar, onlayn görüşlər, elektron bankçılıq, distant təhsil, elektron dövlət xidmətlərindən istifadə sürətlə artmışdır. Tibb, enerji, maliyyə, telekommunikasiya, kiberfiziki sistemlər kimi kritik infrastrukturlar informasiya sistemlərindən asılı olmuşdur. Müasir dövrdə hücum metodlarının, eyni zamanda, antiviruslardan yayınma təlimatlarının internet üzərindən yüksək əlçatanlığı səbəbindən zərərli proqramların aşkarlanması məsələsi çətinləşmişdir. Bu səbəbdən zərərli proqramların aşkarlanma dəqiqliyinin artırılması istiqamətində aparılan elmi tədqiqatlar təkmilləşdirilməsi aktual məsələlərdəndir.

“İşin əsas məqsədi yayınma üsulları (polimorfizm, metamorfizm, paketləmə və s.) tətbiq edilmiş, antiviruslar tərəfindən aşkarlanması çətin olan zərərli proqramların yüksək dəqiqliklə aşkarlanması və bu məqsədlə intellektual analiz metodlarının və alqoritmlərinin işlənməsidir”, - deyə o, əlavə etdi.

Tədqiqat işində qarşıya qoyulmuş məsələlərdən söz açan E.Bağırov zərərli proqramların aşkarlanması istiqamətində dünya təcrübəsi səviyyəsində görülmüş işlərin analizinin aparılması, zərərli proqramların təbiətinin, müxtəlifliyinin analiz edilməsi, həmçinin zərərli proqramların intellektuallığını artırmaq üçün bədniyyətlilər tərəfindən tətbiq edilmiş yayınma üsullarının işləmə prinsiplərinin tədqiq edilməsi, zərərli proqramların aşkarlanması üsullarının analizi, statik, dinamik və hibrid metodologiyanın tədqiq edilməsi, tədqiqat metodunun seçilməsi istiqamətində işlərin görüldüyünü qeyd etdi.

O, həmçinin hər bir fəsil üzrə aparılması nəzərdə tutulan tədqiqatlar, hazırlanan məqalə və tezislər barədə məlumatları diqqətə çatdırdı.

İnstitutun doktorantı Orxan Vəlixanlı “Proqram məhsullarının təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işinin icra vəziyyəti ilə bağlı məlumatları iclas iştirakçılarının diqqətinə çatdırdı.

O, bildirdi ki, proqram məhsullarının təhlükəsizliyinin təmin edilməsində boşluqların aşkarlanması, zərərli proqramların müəyyən edilməsi sistemləri bir çox üstünlüklərə malikdir. Bu sahədə çox sayda metodlar mövcud olsa da, proqram məhsullarının təhlükəsizliyinin təmin olunmasında hələ də boşluqlar vardır.

O.Vəlixanlı dissertasiyanın əsas məqsədinin proqram məhsullarında edilən dəyişiklikləri və boşluqları yüksək dəqiqliklə tanıya bilən, zərərli proqramları aşkarlaya bilən, yüksək sürətli, özü-özünü təlimləndirən, müxtəlif hücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənməsindən ibarət olduğunu dedi.

Tədqiqat çərçivəsində proqram məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün mövcud metod və alqoritmlərin analizi və tədqiqi, proqram kodlarında boşluqların aşkarlanması üçün süni intellekt metodları və alqoritmlərinin işlənməsi, zərərli proqramların aşkarlanması üçün metod və alqoritmlərin işlənməsinin nəzərdə tutulduğunu söylədi.

Məruzəçi dissertasiya işi çərçivəsində hazırlanmış, eləcə də üzərində işlədiyi məqalə və konfrans materialları barədə məlumat verdi.

Hər bir çıxış ilə bağlı geniş fikir mübadiləsi aparıldı, tədqiqatçılara dissertasiya işinin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələr verildi.

Seminarda çıxış edən akademik R.Əliquliyev proqram mühəndisliyi sahəsində rəqabətədavamlı, intellektual kadrların yetişdirilməsinin vacib məsələlərdən olduğunu dedi. Alim qeyd etdi ki, ölkənin orta məktəblərində təhsil alan şagirdlərə proqram mühəndisliyi ilə bağlı fənlər tədris olunmalı, onlara riyazi məntiq və alqoritmik düşüncə aşılanmalıdır.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, əsas məqsəd ölkəmizdə proqram mühəndisliyinin elmi-nəzəri problemlərini öyrənməklə bu sahəni inkişaf etdirmək və dünya bazarına milli proqram məhsullarının çıxarılmasına nail olmaqdır. Bu sahənin inkişafı Azərbaycanın iqtisadiyyyatı ilə yanaşı, müdafiə gücünün artırılmasında da mühüm rol oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı