İnstitutun doktorant və dissertantlarının elmi fəaliyyəti müzakirə olundu İyul 18, 2021 | 05:48 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək seminarın institutun bir qrup doktorant və dissertantının elmi fəaliyyəti ilə bağlı müzakirələrə həsr olunduğunu söylədi.

Akademik R.Əliquliyev hər bir tədqiqatçının elmi fəaliyyətinin monitorinqinin aparılması, dissertasiya işlərinin müzakirəsi və hesabatların hazırlanmasının vacibliyini vurğuladı. “Əsas məqsəd doktorant və dissertantların elmi fəaliyyətini koordinasiya etmək, onlara dəstək göstərmək və aparılan tədqiqatların keyfiyyətini artırmaqdır”, - deyən akademik hər bir şöbə rəhbərini bu vəzifələrin icrasında fəal iştirak etməyə çağırdı.

R.Əliquliyev kadr potensialının gücləndirilməsi, gənclərlə məqsədyönlü işin aparılması və onların elmi fəaliyyətə cəlb edilməsinin zəruriliyini önə çəkdi, eləcə də institutda fəlsəfə və elmlər doktorlarının hazırlanması üzrə ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırdı.

Akademik bildirdi ki, institutda şöbədaxili və şöbələrarası intellektual müzakirələrin təşkili, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların keyfiyyətinin artırılması son dərəcə vacibdir. Alim və mütəxəssislər bu prosesə töhfə verməli, biliklərini bölüşdürməli, institutun elmi potensialının gücləndirilməsi istiqamətində səylərini birləşdirməlidir.

R.Əliquliyev çıxışının sonunda institutun kollektivini qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi, hər kəsə möhkəm can sağlığı arzuladı.

Sonra institutun baş mütəxəssisi Kəmalə Haşımova çıxış edərək “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi. Bildirdi ki, işin əsas məqsədi İnternet mühitində reklam-marketinq fəaliyyətinin araşdırılması və səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsidir.

O, mövzunun aktuallığını önə çəkərək reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün yanaşmaların, konseptual baxışların təklif olunması, üsulların və alqoritmlərin işlənməsinin böyük əhəmiyyət kəsb etdiyini söylədi.

Qeyd etdi ki, İnternet mühitində reklam-marketinqin inkişafında beynəlxalq təcrübə, bazar iqtisadiyyatının formalaşmasında İnternet-reklamın inkişaf xüsusiyyətlərinin analizi, İnternet mühitində reklam-marketinq üzrə modellərin analizi, COVID-19 pandemiyasının iqtisadiyyata təsiri və s. ilə bağlı tədqiqat işlərinin aparılması, İnternet mühitində reklam-marketinqin perspektivləri və formalaşan informasiya cəmiyyətinə təsirinin müəyyənləşdirilməsi qarşıya qoyulmuş əsas məsələlərdir.

K.Haşımova dissertasiyanın giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu dedi.

İnstitutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər, çap olunmuş və hazırlanma mərhələsində olan məqalələr barədə məlumat verdi.

İnternetin imkanlarının genişlənməsi və bura daxil olan faydalı və ziyanlı informasiya onlayn mühitdə təhlükəsizliyinin pozulmasına səbəb olduğunu deyən tədqiqatçı uşaqların İnternet mühitində istifadəçi kimi fəal olmasının onların təhlükələrlə qarşılaşma ehtimalını çoxaltdığını diqqətə çatdırdı.

Dissertasiya işinin əsas məqsədinin İnternet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi, yaranmış təhlükələrin araşdırılması və problemlərin aradan qaldırılması yolları, eləcə də Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasından ibarət olduğunu bildirdi. Qeyd etdi ki, dissertasiya giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

“Milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işi haqqında məlumatı institutun baş mütəxəssisi Əfruz Qurbanova təqdim etdi.

O, bildirdi ki, dünyada və Azərbaycanda terminologiya fəaliyyəti ilə məşğul olan elm və tədris mərkəzlərinin çoxalması, elm və texnikanın müxtəlif sahələrinin inkişaf dinamikası və s. kimi amillər müxtəlif predmet sahələrinin terminlərinin strukturlaşdırılması və istifadəsini təmin edən milli terminoloji informasiya sisteminin (MTİS) yaradılması və müşayiət edilməsini şərtləndirmişdir.

Ə.Qurbanovanın sözlərinə görə, dissertasiya işinin əsas məqsədi milli terminoloji informasiya mühitinin analizi, real vəziyyətin qiymətləndirilməsi, müvafiq qərarların qəbul edilməsi məqsədi ilə milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsidir. Giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan dissertasiya işi çərçivəsində 15 məqalə, 12 tezis çap olunub.

Hər bir tədqiqatçının dissertasiya işinə dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı