Milli antiplagiat xidmətinin yaradılması konsepsiyası işlənilir İyul 15, 2021 | 10:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin 2021-ci il üçün 6 aylıq hesabatını təqdim etdi. Şöbədə aparılan elmi-tədqiqat işlərindən söz açaraq, e-elm və elmmetriya problemləri istiqamətində araşdırmaların davam etdirildiyini bildirdi.

O, cari ildə “Antiplagiat sistemlərinin analizi və milli antiplagiat xidmətinin yaradılması konsepsiyasının işlənilməsi” mövzusu üzrə görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, mövzu çərçivəsində plagiatlıq və piratçılıq anlayışları, plagiatlığın növləri və onu yaradan səbəblər müəyyənləşdirilmişdir. Plagiatlıqla mübarizə metodları, o cümlədən antiplagiat proqram vasitələri əsas göstəricilərə görə təhlil edilmişdir. Azərbaycanda antiplagiat xidmətləri araşdırılmış və İnformasiya Texnologiyaları İnstitutunda Plagiatlıqla Mübarizə Xidməti fəaliyyətə başlamışdır.

Məruzəçi şöbədə həmçinin “DOI-verilənlərin intellektual analizi (DOI-data mining)” mövzusu üzrə elmi araşdırmaların davam etdirildiyini bildirdi. Tədqiqat çərçivəsində rəqəmsal obyektin identifikatoru DOI, Beynəlxalq DOI Fondu və onun agentlikləri haqqında geniş məlumat toplandığını, CrossRef qeyri-kommersiya təşkilatının təqdim etdiyi xidmətlərin araşdırıldığını və İnformasiya Texnologiyaları İnstitutunun bu təşkilatla əməkdaşlıq münasibətlərinə başladığını, 2017-ci ildən etibarən institut tərəfindən nəşr olunan bütün elmi əsərlərə DOI nömrələrin alındığını diqqətə çatdırdı.

M.Səidova cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti barədə ətraflı məlumat verdi. İnformasiya resurslarının ABŞ Konqres Kitabxanası təsnifat sistemi ilə təsnifatlaşdırılması və Alephino Kitabxana İdarəetmə Sisteminə (KİS) daxil edilməsi, Elektron Kitabxana Mərkəzinin texniki və proqram təminatına nəzarət, Alephino KİS-in təkmilləşdirilməsi ilə bağlı işlərin aparılması, İT üzrə elmi-praktiki tədbirlər haqqında informasiyanın Konfranslar İnformasiya Sistemi üzərindən yayılması, “yırtıcı” və “oğurlanmış” jurnalların seçilməsi ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi ilə əlaqədar bir sıra tədbirlərin həyata keçirildiyini qeyd etdi.

Sonra şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışan məruzəçi cari ildə “Exlibris” şirkəti ilə Alephino KİS-in təkmilləşdirilməsi və müşayiəti ilə bağlı əməkdaşlıq əlaqələrinin aparıldığını bildirdi.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işlərdən bəhs etdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabatla bağlı təklif və tövsiyələrini səsləndirdi. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək, tədqiqatların davam etdirilməsinin zəruriliyini vurğuladı.

Sonra şöbənin hesabatına dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı