“E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə olundu İyun 21, 2021 | 12:20 / Konfranslar, iclaslar

18 iyun 2021-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda ED 1.35 Dissertasiya şurasının onlayn iclası keçirildi.

Dissertasiya şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev iclasın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün  Yadigar İmamverdiyevin 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu söylədi.

Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iddiaçı Y.İmamverdiyevin şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Sonra texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev dissertasiya işini təqdim edərək işin giriş, 7 fəsil, nəticə, 313 adda ədəbiyyat siyahısı və əlavələrdən ibarət olduğunu, dissertasiyanın əsas məzmununun 40 şəkil və 45 cədvəl daxil olmaqla 246 səhifədə şərh edildiyini söylədi.

İddiaçı mövzunun aktuallığı, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verdi.

O bildirdi ki, cəmiyyətin idarə olunması proseslərini optimallaşdırmaq məqsədilə dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin geniş tətbiqi informasiya cəmiyyətinin formalaşmasında mühüm mərhələ olan e-dövlətin qurulmasına şərait yaradır. İKT-nin geniş tətbiqi bəşəriyyətin inkişafını sürətləndirməklə yanaşı milli, regional və qlobal təhlükəsizliyə yeni təhdidlər də yaradır. Beləliklə, hərtərəfli qloballaşma və onun gətirdiyi təhdidlər mühitində, ictimai proseslərə artan kibertəhlükəsizlik riskləri və qeyri-müəyyənliklər şəraitində informasiya təhlükəsizliyi e-dövlətin özünü qorumasının əsas funksiyalarından biri olur. Buna görə e-dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi sisteminin idarə edilməsi aktual məsələdir.

Alim dissertasiya işinin məqsədinin e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsinin elmi-nəzəri və metodoloji əsaslarının inkişafı və təkmilləşdirilməsi üçün modellərin və metodların işlənilməsi olduğunu qeyd etdi.

Qoyulmuş məsələlərin həlli üçün idarəetmə nəzəriyyəsi, qərar qəbuletmə nəzəriyyəsi, qeyri-səlis idarəetmə nəzəriyyəsi, oyunlar nəzəriyyəsi, ehtimal nəzəriyyəsi və riyazi statistika, kombinator optimallaşdırma, qraflar nəzəriyyəsi, sosial şəbəkə analizi, maşın təlimi metodlarının istifadə edildiyini bildirdi.

Y.İmamverdiyev dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün tədqiq olunmuş məsələləri diqqətə çatdırdı. Qeyd etdi ki, buraya e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsinin konseptual modelinin, e-dövlətin informasiya təhlükəsizliyinə strateji təhdidlərin və kritik risklərin qiymətləndirilməsi metodlarının, e-dövlətin biometrik identifikasiya sisteminin təkmilləşdirilməsi üçün metodların, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması və effektiv idarə edilməsi üzrə metodların, e-dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsinə cəlb edilmiş dövlət, qeyri-dövlət və beynəlxalq aktorlar arasında kooordinasiya modellərinin işlənilməsi və s. aiddir.

Onun sözlərinə görə, e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsinin konseptual modeli, e-dövlətdə informasiya sahəsində milli maraqlara təhdidlərin konsensus ranqlaşdırılması metodu, e-dövlət infrastrukturunda kritik risklərin qiymətləndirilməsi metodu, milli İnternet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi modelləri, biometrik sistemlərin tanıma göstəricilərinin və təhlükəsizliyinin təkmilləşdirilməsi və biometrik kriptosistemlərin sintezi metodları, DDoS hücumların dərin təlim yanaşması əsasında aşkarlanması metodu, informasiya təhlükəsizliyi insidentlərinin emalı üzrə optimal planlaşdırma metodu müdafiəyə çıxarılan əsas müddəalardır.

Əldə edilmiş elmi yeniliklər və onların elmi-praktiki əhəmiyyətindən söz açan iddiaçı qeyd etdi ki, dissertasiya işi çərçivəsində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün təhdidlərin konsensus ranqlaşdırılması, qarşılıqlı asılı infrastrukturlar mühitində risklərin qiymətləndirilməsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması və optimallaşdırılmış emalı, strategiyalar, taktikalar və situasiyalar üzrə idarəetmə modelləri, koordinasiya sisteminin qiymətləndirilməsi və modelləşdirilməsi üzrə yanaşmalar və informasiya təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi üzrə modellər və metodlar işlənmişdir.

Dissertasiya işinin əsas nəzəri və praktiki nəticələri AMEA-nın AzScienceNet elmi kompüter şəbəkəsinin təhlükəsizlik sistemlərinin layihələndirilməsi və istismarı zamanı istifadə edilmişdir.

Sonra Y.İmamverdiyev dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırdı. Dissertasiyanın nəticələri üzrə 33 elmi iş, o cümlədən nüfuzlu elmi-praktiki jurnallarda 22 məqalə, beynəlxalq və respublika səviyyəli konfranslarda 11 məruzənin çap olunduğunu bildirdi.

Rəsmi opponentlər - texnika üzrə elmlər doktoru, professor Nadir Ağayev, texnika elmləri doktoru, dosent Lalə Zeynalova, texnika elmləri doktoru, professor Ramin Rzayev, texnika elmləri doktoru, professor Cavanşir Məmmədov öz çıxışında elektron dövlətin mövcudluğu, bütövlüyü və fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi baxımından dissertasiya işinin əhəmiyyətini önə çəkdilər. Əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu, mürəkkəb məsələlərin uğurla həll  edildiyini vurğulayaraq iddiaçının “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsini almağa layiq olduğunu söylədilər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırdılar.

İddiaçı irad, rəy və təkliflərə öz münasibətini bildirdi.

Daha sonra F.Yusifov dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi, qeyd olunan iradları diqqətə çatdırdı.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Müzakirələrdə iştirak edən akademik Əli Abbasov, texnika elmlər doktoru, professor İqbal Babayev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Məsumə Məmmədova, texnika elmləri doktoru, professor Ələkbər Əliyev, texnika elmləri doktoru, professor Xanlar Həmzəyev, texnika elmləri doktoru, professor Faiq Abdullayev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov,  texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdilər.

Qeyd olundu ki, hər zaman məsuliyyəti, zəhmətkeşliyi və təvazökarlığı ilə seçilən Y.İmamverdiyev uzun illərdir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda həm elmi, həm də praktiki fəaliyyətini uğurla davam etdirir. Alimin dissertasiya işi çərçivəsində hazırladığı məqalələrin dünyanın nüfuzlu, yüksək impakt faktorlu jurnallarında çap olunması işin yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut edir.

Şura üzvləri çox aktual problemə həsr olunmuş dissertasiya işində informasiya təhlükəsizliyinə müxtəlif aspektlərdən baxıldığını, tədqiqat zamanı riyazi aparatlar və proqramlardan geniş şəkildə istifadə olunduğunu, eyni zamanda qarşıya qoyulan məsələlərin tam şəkildə həll edildiyini qeyd etdilər. Dissertasiya işinin nəticələrinin Azərbaycanın milli internet infrastrukturunun dayanıqlığının artırılmasında geniş tətbiqinin zəruriliyini vurğuladılar.

Bildirildi ki, həm dövlət, həm də cəmiyyət üçün böyük əhəmiyyətə malik olan bu dissertasiya işi informasiya təhlükəsizliyi sahəsində yeni tədqiqat işlərinin meydana gəlməsinə səbəb olmaqla yanaşı, həm də Azərbaycanda müvafiq istiqamətdə aparılan işlərə təkan verəcək.

Dissertasiya işi üzrə elmi məsləhətçi – AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığını önə çəkdi. Elmi məsləhətçi iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdi. Alim işin yüksək səviyyədə yerinə yetirildiyini, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq dissertasiyalarının tələblərinə tam cavab verdiyini söylədi.

İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirildi.

Səsvermənin nəticələrinə əsasən, Y.İmamverdiyevə texnika elmləri doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı