Proqram təminatı vasitələrinin intellektual sınaq metodları araşdırılır İyun 11, 2021 | 12:44 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin növbəti onlayn elmi seminarında şöbənin əməkdaşı Nəzakət Məlikovanın proqram təminatı vasitələrinin intellektual sınaq metodlarının araşdırılmasına həsr olunmuş məruzəsi dinlənildi.

N.Məlikova çıxış edərək bildirdi ki, proqram təminatının testləşməsində ənənəvi testlərdən  istifadə zəif icra sürəti, qeyri-kafi test əhatəsi və əlavə işçi qüvvəsi tələb etməsi baxımından əlverişsiz hesab olunur. Məhz buna görə də proqram təminatının avtomatlaşdırılmış testləşməsində süni intellekt alqoritm və metodlarını tətbiq etməklə, böyük məlumatların düzgün və effektiv şəkildə işlənilməsinə nail olmaq olar.

Məruzəçi proqram təminatının sınaq prosesinin avtomatlaşdırılmasında tətbiq olunan ən son testləşmə metod və vasitələrinin araşdırıldığını söylədi.

Qeyd etdi ki, məruzədə testləşmə üsulları kimi ağ qutu (white-box), qara qutu (black-box) və boz qutu (grey-box) testləşməsi göstərilmiş və bu üsullar ilə süni intellekt yanaşmaları arasında əlaqə qurulmuşdur. Bu üsullar arasında süni intellekt alqoritmləri və maşın təlimi metodlarının daha çox tətbiq olunduğu üsul “Qara-qutu” üsuludur. Həmin metod yalnız sistemin əsas aspektini araşdırır və məqsədi sistemin müəyyən edilmiş tələblərə nə dərəcədə cavab verdiyini yoxlamaqdır.

Sonra N.Məlikova avtomatlaşdırılmış testləşmədə süni intellekt və maşın təliminin xüsusiyyətlərini tətbiq edən alət nümunələrini təqdim etdi. Bildirdi ki, alətlərin bəziləri proses zamanı maşın təlimindən istifadə edir. Proqram təminatının testləşməsində geniş istifadə olunan süni intellekt vasitələri kimi “Mabl”, “Eggplant”, “Testim”, “Applitools”,“Functionize”, “Testcraft”ı nümunə göstərmək olar.

Tədqiqatçı süni intellektin proqram təminatının testləşməsinə potensial təsiri və yaxın gələcəkdə verəcəyi mühüm töhfələrin araşdırıldığını da nəzərə çatdırdı: “Nəticədə süni intellektin proqram təminatı testləşməsinin ayrılmaz bir parçası olacağı gözlənilir. Testerlərin isə süni intellekt modelləri və alqoritm üsullarının daha ağıllı olmasını təmin edəcəyi güman olunur. Beləliklə, proqram təminatı testləşməsinin avtomatlaşdırılması proqramın keyfiyyətini artıracaq, qüsursuz tətbiqetmələr və həllər təqdim edərək müştəri təcrübəsinə də böyük təsir göstərəcək. Eyni zamanda süni intellekt alqoritmləri yeni texnologiyalara (Bulud texnologiyası, Böyük həcmli məlumatlar) tətbiq olunacaq və daha mükəmməl nəticələr əldə ediləcək”.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Şöbə  müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov çıxış edərək proqram təminatı vasitələrinin intellektual sınaq metodlarının araşdırılması ilə bağlı tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı