“E-demoqrafiyanın formalaşması mexanizmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi müzakirə olundu İyun 03, 2021 | 09:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədbirin institutun magistrantı Nərminə Axundovanın 060509 – “Kompüter elmləri” ixtisası üzrə təqdim etdiyi “E-demoqrafiyanın formalaşması mexanizmlərinin işlənilməsi” adlı magistr dissertasiya işinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.

Məruzəni təqdim edən magistrant N.Axundova demoqrafik tədqiqatların aparılması sahəsində mövcud təcrübənin araşdırılması, e-demoqrafiya sistemində dövlət reyestrlərinin rolu, e-demoqrafiya sisteminin formalaşdırılması mexanizmlərinin işlənilməsi, dissertasiya işində əldə olunmuş elmi nəticələr barədə ətraflı məlumat verdi.

“Demoqrafiya multidissiplinar tədqiqat sahəsi kimi əhalinin strukturu, yerləşməsi, miqrasiyası və dinamikasında baş verən sosial, iqtisadi, mədəni, bioloji, coğrafi və s. amillər əsasında hadisələrin və proseslərin qanunauyğunluqlarını tədqiq edir. Demoqrafiyaya təsir edən əsas parametrlər doğum, ölüm və miqrasiyadır”, – deyə məruzəçi bildirdi. Demoqrafik tədqiqatların aparılması üçün yeni mənbələr, bu sahədə mövcud təcrübənin araşdırılması, mövcud demoqrafik tədqiqatlar, e-demoqrafiya sistemi haqqında danışdı. E-demoqrafiyanın elektron dövlətin nüvəsini təşkil etməklə, rəqəmsal texnologiyaların demoqrafik davranışlara təsirinin öyrənilməsinə və demoqrafik proseslərin daha dərindən tədqiq olunması üçün verilənlərin yeni mənbələrinin istifadə olunmasına imkan verdiyini qeyd etdi.

E-demoqrafiya sistemində dövlət reyestrlərinin rolundan söz açan N.Axundova vahid əhali reyestrinin yaradılmasının demoqrafiya sahəsində mövcud məsələlərin həllində məlumatların toplanması, saxlanması, emalı üçün informasiya mənbəyi olduğunu söylədi. Bildirdi ki, vahid dövlət reyestrinin yaranması əhali reyestrində toplanan məlumatların analizinə, əhalinin onlayn monitorinqinə, ənənəvi siyahıyaalmanın ləğv edilməsinə imkan verir.

O, e-demoqrafiyada əhali reyestrinin rolu, fərdi identifikasiya nömrəsi (FİN), əhali reyestrinə dair beynəlxalq təcrübədən bəhs edərək, ölkələr üzrə 2010-2011-ci il siyahıyaalmaları üçün istifadə olunan mərkəzi əhali reyestrinin formaları, əhali reyestrindən milli statistika idarələrinə ötürülən fərdi xüsusiyyətlər, əhali reyestrində saxlanılan məlumatlar, Azərbaycan vətəndaşlarının Dövlət Reyestrində mövcud olan məlumatlar, əhali reyestrinə inteqrasiya olunmalı sahələr haqqında informasiyanı seminar iştirakçılarının diqqətinə çatdırdı.

Məruzəçi, həmçinin e-demoqrafiya sisteminin formalaşdırılması mexanizmlərinin işlənilməsi, e-demoqrafiya sisteminə transfer olunan əsas fərdi xarakteristikalar, e-demoqrafiya sisteminin istifadə oluna biləcəyi sahələr, demoqrafik verilənlərin analizi üçün modelin işlənməsi, datasetin analizinin mərhələləri, məzunların fərdi və təhsil məlumatlarının strukturu, müxtəlif reyestrdəki məlumatların FİN vasitəsilə inteqrasiyası, cins və yaş üzrə bölgü diaqramı, xaricdə təhsil almış məzunların ixtisas seçimlərinin cinsə görə, ixtisasların yaşa görə bölgüsü, yaş və iş stajı arasındakı əlaqə, məzunların təhsil səviyyəsi ilə iş stajının uyğunluğu haqqında danışdı.

Tədqiqat işində əldə olunmuş əsas nəticələri təqdim edən N.Axundova demoqrafik tədqiqatların aparılması sahəsində beynəlxalq təcrübənin araşdırıldığını, demoqrafik tədqiqatların aparılması üçün yeni verilən mənbələrinin analiz edildiyini, elektron demoqrafiyanın formalaşmasında dövlət reyestrlərinin rolunun müəyyənləşdirildiyini bildirdi. Qeyd etdi ki, dissertasiyada elektron demoqrafiya sisteminin konseptual modeli təklif olunmuş, eksperimental olaraq datasetdən götürülmüş verilənlər əsasında demoqrafik xarakteristikaların analizi aparılmışdır.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonra dissertasiya işi üzrə elmi rəhbər olaraq çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov elmi araşdırma çərçivəsində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həllinə nail olunduğunu və elmi nəticələrin əldə edildiyini bildirdi.

Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək, demoqrafik proseslərin idarə edilməsi, məqsədyönlü demoqrafik siyasətin həyata keçirilməsi üçün e-demoqrafiya sisteminin formalaşdırılmasının mühüm əhəmiyyət daşıdığını bildirdi. Alim e-demoqrafiya sisteminin sosial tədqiqatların və əhaliyə dair məlumatların monitorinqinin aparılmasında, onlayn siyahıyaalmada, demoqrafik proseslərin dərindən təhlil olunmasında effektiv vasitə olduğunu qeyd etdi. Bu baxımdan dissertasiya mövzusunun aktuallığını önə çəkərək, tədqiqat işini yüksək qiymətləndirdiyini nəzərə çatdırdı.

Akademik R.Əliquliyev dissertasiya işinə dair təklif və tövsiyələrini səsləndirdi. Dissertasiya mövzusunun institutun elmi seminarında müzakirə olunmasının, alim və mütəxəssislərin irad, rəy və təkliflərinin tədqiqat işində nəzərə alınmasının önəmini vurğuladı.

Rəsmi rəyçiliyə institutun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova tövsiyə olundu.

Elmi seminarda N.Axundovanın dissertasiya işinin növbəti mərhələyə təqdim olunması haqqında qərar qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı