Elektron universitetdə öyrənənlərin fərdi təhsil trayektoriyasının intellektual idarə olunması üçün model, metod və instrumental vasitələr işlənilib Aprel 14, 2021 | 12:25 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova tədbirin şöbəyə təhkim olunmuş dissertant Hüseyn Qasımovun “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Elektron universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənməsi” mövzusunda hazırladığı dissertasiya işinin elmi-nəzəri nəticələrinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra dissertasiya işini təqdim edən H.Qasımov mövzunun aktuallığı, dissertasiya işində qarşıya qoyulmuş məsələlər və onların həlli yolları, əldə edilmiş elmi yeniliklər, işin nəzəri və praktik əhəmiyyəti, tətbiqi, aprobasiyası və nəşr olunmuş elmi əsərlər haqqında məlumat verdi. İddiaçı mövcud e-universitetlərin konseptual modellərinin, e-universitetin intellektual idarə edilməsinə qoyulan tələblərin və innovativ tədris-mühitinin araşdırıldığını diqqətə çatdırdı.

Bildirdi ki, dissertasiya işi giriş, 4 fəsil, əsas nəticələr, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Mövzu üzrə 20 elmi iş çap edilmişdir.

Məruzəçi tədqiqat işinin aktuallığından bəhs edərək, informasiya cəmiyyətinin formalaşması, informasiya texnologiyalarının, dünya təhsil sisteminin və metodoloji mühitin inkişafı şəraitində təhsilin virtualizasiyası prosesinin qaçılmaz olduğunu söylədi. Bildirdi ki, intellektual texnologiyaların təhsildə tətbiqi konsepsiyasının reallaşdırılması üçün bütövlükdə təhsil sistemində qlobal dəyişikliklər edilməsi və ilk növbədə, klassik universitetin elektron adlanan universitetə keçirilməsi son dərəcə vacibdir.

H.Qasımov qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi virtual təhsil mühitində e-universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənilməsidir.

İddiaçı tədqiqat müddətində mövcud e-universitet konsepsiyaları, tədris mühitinin və idarəetmənin müasir vəziyyəti, idarəetmədə intellektual yanaşmaların təhlil edildiyini, Azərbaycan təhsil mühiti üçün daha əlverişli olan bimodal e-universitet modelinin layihələndirildiyini bildirdi. O, həmçinin qeyd etdi ki, tədqiqat işində ixtisasların perspektivlik dərəcələrinin təyin olunması və bu çərçivədə abituriyentlərə dəstək sistemi modelləşdirilmiş, təhsilin fərdiləşdirilməsi mühitində ixtisaslar üzrə tələb və təklifin uyğunlaşdırılması, öyrənənin intellektual potensialına müvafiq təhsil trayektoriyasının seçilməsi metodu təklif edilmişdir. Fərdi təhsil trayektoriyasının intellektual idarə edilməsi çərçivəsində “start” biliklərin qiymətləndirilməsi metodu və alqoritmi, öyrənənin tələbatına uyğun kontentin seçilməsi metodu, öyrənənin əldə etdiyi biliklərin və virtual təhsilin keyfiyyətinin qiymətləndirilməsi metodları işlənmişdir.

Məruzəçi sonda Naxçıvan Dövlət Universitetində Cənubi Koreyanın “KOICA” şirkəti tərəfindən reallaşdırılmış e-universitet layihəsində mövcud olan çatışmazlıqları aradan qaldırmaq üçün işlənmiş instrumental vasitələr haqqında ətraflı məlumat verdi. Dissertasiya işində əldə olunmuş nəzəri və praktiki nəticələr əsasında Naxçıvan Dövlət Universitetinin tələbələrinin bilik səviyyələrinin elektron qaydada yoxlanıldığını, onların qrup üzrə reytinqlərinin müəyyən edildiyini diqqətə çatdırdı.

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova dissertasiya işinə dair irad və təkliflərini bildirdilər. İddiaçı seminar iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya işi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı və tədqiqat işinin adının dəqiqləşdirilməsi təklif edildi.

Qərara alındı ki, təqdim olunan dissertasiya tamamlanmış elmi-tədqiqat işi kimi dəyərləndirilə bilər, Ali Attestasiya Komissiyasının yeni Əsasnaməsinin müvafiq tələblərinə cavab verir və onu institutun elmi seminarında müzakirəyə çıxarmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı