“Təhsil 4.0: müasir çağırışlar, təhsildə gedən proseslər, problemlər, perspektivlər” mövzusunda məruzə dinlənildi Mart 04, 2021 | 01:28 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında 10 saylı şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayevin “Təhsil 4.0: müasir çağırışlar, təhsildə gedən proseslər, problemlər, perspektivlər” mövzusuna həsr edilmiş məruzəsi dinlənildi.

F.Ağayev bildirdi ki, təhsil həm cəmiyyətdəki, həm də sənayedəki dəyişikliklərə uyğun olaraq inkişaf edir və təşkilatların gələcəkdə inkişafı üçün lazım gələn insan kapitalını təmin edir. IV Sənaye İnqilabı digər sektorlarda olduğu kimi, təhsil sahəsinə də öz təsirini göstərməkdədir. IV Sənaye İnqilabının təhsil üzərindəki təsiri və “gələcəyin təhsili” məsələsi müxtəlif platformalarda müzakirə edilir.

“Sənayeləşmə və rəqəmsallaşdırma sahəsindəki sürətli inkişaf kiberfiziki sistemlər, Əşyaların İnterneti, 3D-çap, süni intellekt və maşın təlimi (machine learning) də daxil olmaqla, yeni nəsil istehsal texnologiyasının inkişafında böyük irəliləyişə səbəb olmuşdur. Əvvəlki sənaye inqilablarının istehsal prosesində xammalı əsas hesab etməsinə baxmayaraq, Sənaye 4.0 innovasiya üçün insan kapitalı və intellektual resurslara üstünlük verir”, – deyə məruzəçi bildirdi.

Dosent F.Ağayev qeyd etdi ki, təhsil müəssisələri təhsilalanların bilik əldə etməsi ilə yanaşı, rəqəmsal və texnoloji savadlılıq (digital and technology literacy) qazanmalarına nail olmalıdır. “Rəqəmsal savadlılıq” termini ilk dəfə müxtəlif kontekstlərdə rəqəmsal mənbələrdən məlumatları anlamaq və istifadə etmək qabiliyyəti mənasında işlədilmişdir. Texnoloji savadlılıq isə informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarığını ehtiva edir.

Təhsil 4.0 konsepsiyasında fərdiləşdirmə, oyun tipli, mobil əlaqə, uyğunlaşma, öyrənmə analitikası metodu, ağıllı teletyutorlar və e-qiymətləndirmə kimi mühüm aspektlərə diqqət yetirməyin vacibliyini önə çəkən alim süni intellektin bu sahədə mühüm rol oynadığını bildirdi, “ağıllı” tədrisin komponentlərindən söz açdı.

O, həmçinin Təhsil 4.0 konsepsiyasında tədrisin prinsipləri, elektron təhsilin yaradılması aspektləri, e-təhsil indikatorları, e-learning komponentlərinin idarə edilməsi, e-tədris üçün standartlar və spesifikasiyalar, bu standartlara qoyulan tələblər, öyrənmə texnologiyaları üçün dünya şəbəkəsi, e-təhsil və bulud texnologiyası, e-təhsildə Big Data məsələləri, e-təhsil üçün Big Datanın imkanları, biliklərin və davranışın qiymətləndirilməsi, çoxölçülü elektron dərsliyin yaradılması, e-tədrisdə yaranan risklər, müvafiq sahədə mövcud problemlərin müzakirəsi və həlli məqsədilə təşkil edilən beynəlxalq konfranslar, nəşr olunan beynəlxalq elmi jurnallar haqqında ətraflı məlumat verdi, elektron tədris mühitinin konseptual modelini təqdim etdi.

Azərbaycanda distant təhsilin 19 iyun 2009-cu il tarixində yaradıldığını bildirən məruzəçi qeyd etdi ki, “Təhsil haqqında” yeni qanunun 13-cü maddəsinə əsasən, əyani və qiyabi təhsil formaları ilə yanaşı, distant təhsil forması da qəbul olunmuşdur. O, ölkəmizdə müvafiq sahədə həyata keçirilən tədbirlər, mövcud problemlər və onların həlli yolları barədə də danışdı.

F.Ağayev elmi araşdırmada qarşıya qoyulmuş məqsədə çatmaq üçün e-tədris nəşrlərinin nümunəvi layihələşdirilməsi və qurulması metodlarının işlənib hazırlanması, tədris materialının mənimsənilməsinə avtomatik nəzarət metodlarının tədqiqi və müvafiq invariant alqoritmlərin işlənib hazırlanması, e-dərslikdə biliklərin təqdim olunmasının informasiya məntiqi modellərinin işlənib hazırlanması, təlim keçənin bilik səviyyəsinə istiqamətlənmiş təlim alqoritmlərinin sintezi metodlarının işlənib hazırlanması kimi tədqiqat vəzifələrinin həllinin zəruriliyini qeyd etdi.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, IV Sənaye İnqilabı dövründə yaradıcı, innovativ və qlobal miqyasda rəqabət apara biləcək nəsil formalaşdıra bilən təhsil tələb olunur. Təhsil 4.0 IV Sənaye İnqilabının tələblərinə cavab verə biləcək təhsil sistemidir.

“Müvafiq sahədə ən böyük problem onlayn təhsilin pedaqogikasının mövcud olmamasıdır. Ənənəvi təhsilin pedaqogikası, psixologiyası, yaş səviyyələri, təhsil pillələri və s. kimi problemlər araşdırılmalı, onlayn təhsilə tətbiq edilməlidir. Onlayn təhsili təmin edən İnternetin və kompüter texnologiyalarının imkanları genişlənir. Lakin təhsil verməyin üsulları, kontentin təqdim edilməsi, təqdim edənin biliyi qəbul etmə səviyyəsi ən önəmli məsələlərdəndir. Pedaqogikanın əsas funksiyası ötürülən biliyin hədəf üçün anlaşılan, qəbul edilən olmasını təmin etməkdir. Digər tərəfdən, verilən biliyin hədəfə çatdığından əmin olmaq üçün imtahan, test kimi qiymətləndirmə üsullarından istifadə etmək vacibdir”, – deyə alim bildirdi.

Akademikin sözlərinə görə, hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ölkədə distant təhsilin və tədrisin elmi-nəzəri əsaslarının işlənilməsinin zəruriliyini gündəmə gətirdi. Məlum oldu ki, ortaya çıxan problemlərin həlli üçün onlayn təhsilin elmi-nəzəri əsasları işlənilməli, müvafiq sahədə peşəkar müəllimlər hazırlanmalı, distant tədrisin bütün prinsiplərini əhatə edən kontent yaradılmalıdır. R.Əliquliyev distant tədrisin səmərəliliyinin artırılması ilə bağlı müvafiq təkliflərin işlənib hazırlanmasının, bu istiqamətdə fundamental tədqiqatların aparılmasının önəmini vurğuladı.

Alim qeyd etdi ki, biliyin ötürülməsi, informasiyanın qorunub saxlanılması üçün yeni kommunikativ imkanlar yaranmışdır. İnformasiyanın audiovizuallaşdırılması, virtual reallığın unikal imkanları sayəsində biliyin insanlara çatdırılması üçün zaman, məkan və s. kimi məhdudiyyətlər aradan qaldırılmışdır. Artıq bilik alanın personlaşdırılması həyata keçirilir. Yəni süni intellekt texnologiyalarından istifadə etməklə, fərdi bilik səviyyəsinə uyğunlaşma, mövzuları müəyyənləşdirmək üçün çatbotların aktivləşdirilməsi, maşın təlimi, oyun əsaslı təlim, elektron qiymətləndirmə sayəsində məhz istifadəçiyə lazım olan fərdi bilik ötürülür.

Elektron təhsilin təhlükələri sırasında yer alan informasiya təhlükəsizliyi, psixoloji, didaktik, fiziki təhlükəsizlik məsələlərinin tədqiqinin önəmini vurğulayan alim, həmçinin bildirdi ki, distant təhsil, distant tədris, onlayn tədris, qarışıq tədris, elektron tədris, açıq tədris, veb-tədris, veb-treyninq arasındakı fərqlərin, bu sahələrdə mövcud vəziyyətin və problemlərin öyrənilməsi, beynəlxalq təcrübənin və yeni yanaşmaların araşdırılması vacibdir.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı